Bakıda musiqi müəllimlərinin işdən çıxarılması

Bölmə: Sosial › ,
Tarix: 16:02 07.04.2025

Bakıda musiqi məktəblərində çalışan bir sıra müəllimlərin işdən çıxarılması ilə bağlı yayılan xəbərlər təhsil sahəsində aparılan islahatların yeni mərhələsinin başlandığını göstərir. Bu qərar təhsilin keyfiyyətinin artırılması məqsədi daşısa da, müəllimlər və ictimaiyyət bu məsələyə birmənalı yanaşmır. Məsələ yalnız fərdi iş yerləri ilə bağlı deyil, həm də musiqi təhsilinin gələcək taleyi ilə bağlı geniş müzakirələrə səbəb olub.

 

Qərarın hansı meyarlara əsasən verildiyi, bu prosesin tədrisə necə təsir edəcəyi və müəllimlərin hansı səbəbdən işdən çıxarıldığı suallar doğurur.

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a bildirib ki, bu proses çərçivəsində müəllimlərə Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov  müəyyən vədlər verib:

 

"Nazir müşaviri keçirdiyi görüşlər zamanı müəllimlərə bildirib ki, bu prosesin əsas məqsədi onların bilik və bacarıqlarını dəyərləndirməkdir. Yəni kiminsə təlimə və əlavə öyrənməyə ehtiyacı varsa, bu, toplanan məlumatlar əsasında müəyyənləşdiriləcək.

Lakin son vəziyyət göstərir ki, Mədəniyyət naziri artıq statistik məlumatları açıqlayıb və neçə müəllimin komissiya  məqbul qiymətləndirildiyini qeyd edib. Məqbul hesab olunmayan müəllimlərin isə işdən azad olunması prosesinə başlanılıb".

 

 

Müəllimlərin iddiasına görə, məktəb rəhbərliyi onları könüllü şəkildə işdən çıxmaları üçün ərizə yazmağa məcbur edir. Bu səbəbdən bir sıra müəllimlər Mədəniyyət Nazirliyinin qarşısında və Prezident Administrasiyasının yaxınlığında etiraz aksiyalarına başlayıblar. Aksiyalar həmçinin onlayn platformalar, media və sosial şəbəkələr vasitəsilə də davam etdirilir.

 

Ekspertin fikrincə, bu məsələdə haqlı narazılıqlar var:

 

"Əlbəttə, bütün müəllimlərin yüksək səviyyəli olduğunu iddia etmək düzgün olmaz. Lakin sertifikasiya prosesi ümumilikdə faydalı və vacib addımdır. Bu, müəyyən tələblərə cavab verən müəllimlərin seçilməsinə imkan yaradır.

Ancaq əvvəlcədən bu prosesin yalnız məlumat toplamaq məqsədi daşıdığı deyilərək, sonradan müəllimlərin işdən çıxarılması məsələsinin gündəmə gəlməsi, onların prosesə olan etimadını sarsıdır. Nazirlik bu məsələdə daha çevik və şəffaf davranmalı, müəyyən hallarda güzəştlər tətbiq etməlidir. Həmçinin imtahanların tədris ilinin ortasında deyil, sonunda keçirilməsi daha məqsədəuyğun olardı".

 

 

 

Ekspert əlavə edib ki, ictimaiyyətin də bu məsələyə münasibəti birmənalı deyil. Musiqi təhsilinin keyfiyyəti baxımından daha savadlı və peşəkar kadrların saxlanılması müsbət haldır:

 

"Musiqi təhsilinə xüsusi diqqət yetirilməlidir. Sertifikasiyadan keçə bilməyən müəllimlərə ikinci şans verilməlidir. Ola bilər ki, zəif nəticələr bilik çatışmazlığı ilə deyil, müəllimin özünü ifadə edə bilməməsi ilə bağlı olub. Bu baxımdan, ikinci şansın verilməsi həm ədalətli, həm də faydalı olar. Prosesin sonunda isə daha bacarıqlı müəllimlərin yerində qalması musiqi təhsilinin inkişafına təkan verəcək".

 

Türkan Kərimli