Qəzzada fələstinli həkimlərin ölümünə "peşəkar uğursuzluqlar" səbəb olub-İsrail ordusu

Bölmə: Dünya › ,
Tarix: 12:55 21.04.2025

İsrail Müdafiə Qüvvələrinin (IDF) apardığı daxili araşdırmaya əsasən, mart ayında Qəzzada baş verən hadisədə baş verən "peşəkar uğursuzluqlar" 15 fələstinli tibb işçisinin ölümünə səbəb olub. Onlardan əksəriyyəti Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) əməkdaşları olub. Həkim və yardımçı heyətin güllələnməsi və kütləvi məzarlığa basdırılması beynəlxalq miqyasda ciddi tənqidlərə səbəb olub.

 

IDF-in açıqlamasında qeyd olunub ki, insident əmrlərin pozulması, informasiya çatışmazlığı və koordinasiya səhvləri nəticəsində baş verib. Hadisə zamanı hərbçilər, təhlükə olduğunu düşünərək konvoya atəş açıblar. IDF bunun "əməliyyat anlaşılmazlığı" olduğunu iddia edir və "seçkisiz atəş" olmadığını bildirir. Hadisəyə görə məsul olan Qolani Kəşfiyyat Batalyonunun komandir müavini vəzifəsindən azad edilib, 14-cü briqadanın komandiri isə töhmət alıb. Həmin mayor həm atəş əmri verdiyinə, həm də hadisə ilə bağlı qeyri-dəqiq hesabat təqdim etdiyinə görə işdən çıxarılıb.

General Effie Defrin hadisəni “səhvlər silsiləsi” adlandırsa da, heç bir “etik pozuntu” baş vermədiyini bildirib. General-mayor Yoav Har-Even isə döyüş qaydalarının dəyişdirilməsinə ehtiyac görmədiyini, hadisəni “səhv” adlandıraraq gələcəkdə belə hallar yaşanmaması üçün ümid etdiyini qeyd edib. IDF mülki və tibbi şəxslərin zərər görməsinə görə təəssüf etdiyini bildirib və yüksək riskli döyüş bölgələrində belə yardım konvoylarına qarşı ehtiyatlı davranılmasının vacibliyini vurğulayıb.

 

Qəmər Kazımzadə