ABŞ geriyə çəkilir, Fransa irəli atılır

Tarix: 20:54 22.04.2025
ABŞ-nin Suriyadan qismən çəkilməsi fonunda Fransanın bu ölkədə hərbi mövcudluğunu artıracağı və Türkiyə ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında vasitəçilik edəcəyinə dair iddialar var.
Mövzu ilə bağlı "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Fransanın Suriyaya yerləşmə cəhdləri təbii ki, geostrateji xarakter daşıyır:
"Hazırda Fransa öz imperiya eqosunu itirmək üzrədir, müstəmləkəçilik siyasətinin ağır zərbələri ilə üz-üzə qalmaqdadır. Çünki Fransa Afrikadakı müstəmləkələrini bir-birinin ardınca itirir, yəni Afrikadan qovulur. Ona görə də Fransa, guya dünyadakı nüfuzunu qoruyub saxlamaq üçün yeni müstəmləkə məkanları, yeni yerləşmə və təsir-nəzarət imkanları axtarır. ABŞ-nin Suriyadan çıxması böyük ehtimalla Parisdə Fransa üçün yeni fürsət kimi qəbul olunur. Ona görə də fransızlar ABŞ-nin boşaldacağı ərazilərə öz hərbi kontingentlərini yerləşdirə biləcəklərinə ümid bəsləyirlər. Bununla da dünyada nəhəng dövlət statusunu qoruyub saxlamaq niyyətindədirlər.
Ancaq bütün bunların baş tutacağı real görünmür. Çünki Suriyaya nəzarət böyük ölçüdə Türkiyənin öhdəsinə buraxılıb və ABŞ belə bu reallıqla barışıb. Belə olan halda, Türkiyənin istəyi və razılığı olmadan Fransanın Suriyaya yerləşməsi ehtimalı yüksək deyil. Fransaya öz təsir dairəsini genişləndirmək şansı verilməsi də inandırıcı görünmür.
Qeyd etmək lazımdır ki, Afrikadan qovulan Fransa Cənubi Qafqazda da hegemon dövlətə çevrilməyə can atırdı. Lakin Azərbaycan Fransanı Cənubi Qafqaza yerləşmək imkanından məhrum etdi. Fransa indi yalnız Cənubi Qafqazda geopolitik əhəmiyyəti olmayan Ermənistana təsir imkanları ilə kifayətlənmək məcburiyyətindədir. Ermənistan kimi, Fransa da Cənubi Qafqazdakı hadisələrə real təsir göstərə bilmir. Suriyada da eyni proseslər təkrarlana bilər və rəsmi Ankara Fransanı bloklaya bilər. Çünki Türkiyənin Suriyada ciddi geopolitik, geostrateji və hətta geoiqtisadi maraqları var.
Ən əsası isə Türkiyənin Suriyada milli təhlükəsizlik planları mövcuddur. Rəsmi Ankara bu maraqları Fransanın təsir dairəsinə qətiyyən buraxmaz. Xüsusilə də Türkiyə PKK/PYD terror təşkilatının birdəfəlik sıradan çıxarılmasına üstünlük verir. Fransanın bu təşkilatın nəzarətində olan ərazilərə yerləşməsinə Türkiyə heç bir halda razılıq verməz. Əgər Fransa buna nail olarsa, o zaman Türkiyənin milli təhlükəsizlik maraqları ciddi təhdid altına düşə bilər.
Türkiyənin Suriyadakı əsas problemi məhz PKK/PYD terror təşkilatının törətdiyi terror situasiyası ilə bağlıdır. Bu baxımdan, PKK/PYD-ni dəstəkləyən Fransaya həmin təşkilatla Türkiyə arasında vasitəçilik imkanı ümumiyyətlə verilməz".
Politoloq əlavə edib ki, Türkiyə ABŞ-yə də PKK/PYD terror təşkilatını dəstəklədiyi üçün dəfələrlə etiraz edib:
"Bu məsələ ilə bağlı Türkiyə və ABŞ arasında münasibətlərdə ciddi problemlər mövcud idi. İndi isə PKK/PYD terror təşkilatının sıradan çıxarılması imkanları yaranıb. Belə bir vaxtda, bu problemin uzanmasına səbəb ola biləcək səviyyədə Fransanın həmin təşkilatı himayə etməsinə Türkiyə göz yuma bilməz. Türkiyə buna şərait yaradacaq qədər sadəlövh dövlət deyil.
Bütün bunları nəzərə alanda hesab etmək olar ki, Fransanın Suriyada yerləşmə cəhdləri reallığa uyğun görünmür. Üstəlik, Fransanın yerləşmək istədiyi, PKK/PYD terror təşkilatının nəzarətində olan bölgə, Suriyanın enerji resursları ilə zəngin əsas ərazisidir.
Suriya dövləti bu ərazidə yenidən nəzarəti ələ alaraq enerji resurslarının istismarı ilə bağlı öz maraqları çərçivəsində fəaliyyət göstərmək niyyətindədir. Böyük ehtimalla, Suriya da Fransaya həmin resurslara nəzarət imkanı tanımaz. Əgər Fransa bu bölgəyə yerləşmək istəyirsə, bu o deməkdir ki, sadəcə PKK/PYD-ni himayə etmir, həm də həmin bölgənin enerji resurslarını nəzarətə almağa çalışır. Nə Türkiyə, nə də Suriya dövləti Fransaya belə bir şans tanımaz".
Aytən Ağazadə