Ermənistan referenduma hazırlaşır? 

Bölmə: Siyasət › ,
Tarix: 21:05 22.04.2025

 

Son dövrlər Ermənistanın siyasi gündəmində yenidən referendum məsələsi müzakirəyə çevrilib. Hökumətin müəyyən sahələrdə – xüsusilə də konstitusiya islahatları ilə bağlı xalq səsverməsi keçirməyi planlaşdırdığı iddia olunur. Bu təşəbbüs ölkə daxilində müxtəlif reaksiyalara səbəb olub: bəzi siyasi qüvvələr bunu demokratik islahatların davamı kimi qiymətləndirsə də, digərləri hakimiyyətin diqqəti əsas problemlərdən yayındırmaq cəhdi kimi görür.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində siyasi şərhçi Elşad Həsənov bildirib ki: Ermənistan Azərbaycanın tələb etdiyi məsələlərə gec də olsa, addım-addım gəlir:

 

“Bəli, referendum keçirilməsi Azərbaycanın təkidli tələbi ilə baş tutacaq. Çünki Ermənistanın konstitusiyasında Azərbaycana qarşı torpaq iddiası var və belə halda sülh müqaviləsinin imzalanması mümkünsüzdür. Baxmayaraq ki, artıq sülh müqaviləsinin şərtləri tam razılaşdırılıb və Ermənistanda bildirir ki, sülh müqaviləsini imzalamağa hazırdırlar. Amma Azərbaycan dəfələrlə bildirib ki, Ermənistan konstitusiyasında dəyişiklik etməsə, sülh müqaviləsi imzalanmayacaq. Məhz buna görə də artıq Ermənistan başa düşür ki, konstitusiyada torpaq iddiaları olduğu halda bu sülh imzalanmayacaq və buna görə də onlar konstitusiya dəyişikliyi üzrə referendum etməyə hazırlaşırlar. Paşinyan da öz çıxışında bildirib ki, preambula ümumiyyətlə lazım deyil".

 

Siyasi şərhçi referendumun tez keçirilib-keçirilə bilməyəcəyindən də danışıb:

 

"Hesab edirəm ki, referendumun 2026-cı ildən əvvəl keçirilməsi olmayacaq. 2026-cı ilin parlament seçkilərinə qədər referendum keçirilə bilər. Ermənistanın bildirdiyinə görə artıq işlər başlanıb. Yəni, Ermənistan Azərbaycanın tələb etdiyi məsələlərə gec də olsa, addım-addım gəlir. Sülh müqaviləsinin maddələrinin razılaşdırılması da 4 il çəkdi və onlar anladılar. Onlar artıq ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı da razılığa gəliblər. Bu qrup Qarabağ məsələsini həll etmək üçün yaradılmışdı və heç bir nəticə vermədi. Artıq Ermənistan da Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edir. Düşünürəm ki, onlar referenduma hazırlaşırlar və gələn il referendum keçirərək “Real Ermənistan” konstitusiyasını qəbul edəcəklər və beləliklə də, Azərbaycanla sülh müqaviləsi imzalanacaq".

 

Günel Verdiyeva