Minimalizim həyat tərzi kimi: az ilə xoşbəxt olmaq mümkündürmü?

Tarix: 22:16 23.04.2025
Əsrin sürətli inkişafı və informasiya bolluğu içində sadəlik və azadlıq axtarışında olan insanlar getdikcə daha çox minimalizm həyat tərzinə üz tuturlar. Minimalizm yalnız az əşya ilə yaşamaq deyil, həm də mənasız xərclərdən, artıq sosial və emosional yüklərdən azad olmaq deməkdir.
Mövzu ilə əlaqədar psixoloq, enerji master, Reiki və ruhani inkişaf üzrə beynəlxalq təlimçi Mətanət Şirinova "İnformator.az"a açıqlamasında bildirib ki, minimalizm daha çox sahiblənmək deyil, daha çox yaşamaq üçün bir seçimdir.
"Minimalizm sadəcə az şeyə sahib olmaq deyil, həyatın nə ilə dolduğunu yenidən dəyərləndirməkdir. Bu həyat tərzi, məqsədyönlü seçimlər etməklə, insana daxili rahatlıq və zehni azadlıq gətirə bilər. Maddi imkanların məhdudluğu ilə minimalizmin qarışdırılması mümkündür, lakin əsl minimalist düşüncə seçərək və şüurlu şəkildə azla kifayətlənməkdir. Bu zaman insan artıq sadəcə “əşyaların” deyil, həyatın özünün dəyərini daha çox anlayır. Az ilə xoşbəxt olmaq insanlar arasında münasibətləri dəyişə bilər. Minimalist yanaşma insanda diqqəti maddiyyatdan insanlara yönəltməyə səbəb olur. Daha çox ünsiyyət, daha səmimi münasibətlər formalaşır. İnsan, daha az “sahib olmaq” istədikcə, daha çox “var olmaq” və “bağ qurmaq” istəyir. Beləcə, dostluqlar, ailə münasibətləri daha dərin və dürüst hala gələ bilər. Minimalizm insanı daxilə yönəldir. Ehtiyac olmayanları həyatından çıxarmaq təkcə fiziki deyil, mənəvi sahədə də insana daha aydın düşüncə və mənəvi təkamül gətirə bilər. Meditasiya, şüurlu yaşamaq, təvazökar olmaq kimi dəyərlər minimalizmlə uzlaşır. Beləliklə, insanın diqqəti daha çox ruhani inkişaf, daxili harmoniya və məqsədli yaşama yönəlir. Minimalizm daha çox sahiblənmək deyil, daha çox yaşamaq üçün bir seçimdir. Az ilə xoşbəxt olmaq sadəcə mümkündür demək yetməz, bu, həm də həyatın mahiyyətini dərk etmək üçün bir fürsətdir. Həyatdan nə istədiyimizi bildikdə və dəyərləri əşyaların çoxluğunda yox, anların dərinliyində axtardıqda, xoşbəxtlik sadəliyin içində öz yerini tapır.
Təcrübəli enerji masteri və Reiki təlimçisi kimi, mən də öz həyatımda minimalizmin gücünü hiss etmişəm. Az ilə yaşamağın verdiyi daxili azadlıq və ruhani dərinlik, həm özümün, həm də tələbələrimin həyatında yeni qapılar açıb. Əşyaların çoxluğu deyil, niyyətin təmizliyi və enerjinin sadəlik içində axması bizi həqiqi xoşbəxtliyə aparır".
Səmayə Səftərova