Türkiyənin iqtisadi və siyasi gücünü artıracaqmı?-Kanal İstanbul

Tarix: 19:32 26.04.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2011-ci ildə “çılğın layihə” kimi təqdim etdiyi Kanal İstanbul təşəbbüsü hələ də ölkə və region üçün strateji əhəmiyyət kəsb edən məsələlərdən biri olaraq gündəmdədir. Qara dənizlə Mərmərə dənizini birləşdirəcək bu süni kanalın həm iqtisadi, həm siyasi, həm də ekoloji baxımdan ciddi təsirlər doğuracağı bildirilir. Rəsmi Ankara layihənin ölkənin inkişafına töhfə verəcəyini iddia etsə də, ictimai müzakirələrdə müxtəlif mövqelər səsləndirilir.
Mövzuyla bağlı “İnformator.az”a açıqlamasında Emin Qəribli bildirir ki, layihə Türkiyə üçün real və zəruri təşəbbüsdür:
“Hazırda ənənəvi keçid yollarında yük axını çoxdur. Bir xətt üzrə hərəkət olması həm vaxt itkisinə, həm də ekoloji problemlərə səbəb olur. İkinci kanalın açılması Türkiyənin həm iqtisadi, həm də siyasi mövqeyini artıracaq. Bu real və lazımlı bir layihədir. Bu gün müşahidə edirik ki, vaxt ən böyük resursdur. İnsanlar zaman itirməmək üçün daha çox pul ödəyir və təyyarə ilə məhsul daşıyırlar. Avropadan Asiyaya məhsulların daşınmasında aylarla vaxt sərf olunur və bu da müxtəlif problemlərə səbəb olur. Kanal İstanbulun istifadəyə verilməsi ilə bu problemlərin aradan qalxacağı gözlənilir. Əgər bu yol açılarsa və uğurla fəaliyyət göstərərsə, məhsul daşıma xərcləri azalacaq, logistika prosesi sürətlənəcək. Layihənin həyata keçirilməsi ilə yeni infrastruktur təşəbbüsləri formalaşacaq, yeni iş yerləri açılacaq və büdcə gəlirləri artacaq”.
Müsahibimiz bu layihənin Azərbaycan üçün də mühüm imkanlar yaradacağını bildirib:
“Tarix boyu müşahidə etmişik ki, Türkiyə gücləndikcə Azərbaycan da güclənir. Azərbaycan da öz məhsullarını Türkiyə üzərindən Avropaya çatdırır. Bu baxımdan yeni kanal bizim üçün də əlverişli olacaq. Daha çox gəlir əldə edib, daha çox məhsul daşıya biləcəyik. Məhsullarımızın dövriyyəsi artacaq, qeyri-neft sektorunun inkişafında böyük rol oynayacaq. Böyük ehtimalla, Kanal İstanbul çərçivəsində həyata keçiriləcək layihələrin bir çoxunda biz də investor kimi iştirak edəcəyik”.
Selcan Əhmədli