Balaca qəlblər bayraqla döyünür! Məktəblilər Dövlət Bayrağı Muzeyində olublar

Tarix: 20:20 28.04.2025
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə Xətai rayonundakı 17 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdləri Dövlət Bayrağı Muzeyini ziyarət ediblər.
Ekskursiya zamanı məktəblilərə məlumat verilib ki, Dövlət Bayrağı Muzeyi 2010-cu il noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən açılıb. 2017-ci ildə Bayraq Meydanında aparılan yenidənqurma və bərpa işləri çərçivəsində muzey də müvəqqəti olaraq bağlanmış, bu dövrdə eksponatların qorunması və sayının artırılması istiqamətində mühüm işlər görülmüşdür. Nəticədə muzeydəki eksponatların sayı 431-ə çatdırılıb.
Məktəblilərin böyük marağına səbəb olan ekspozisiyalardan biri də 44 günlük Vətən müharibəsinə həsr olunmuş Zəfər qalereyası olub. Burada Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağını ucaltdığı anları və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü münasibətilə keçirilmiş hərbi paradın fotoları nümayiş olunur.
Ziyarət zamanı şagirdlər altı sərgi salonundan ibarət muzeyin müxtəlif bölmələri ilə tanış olublar:
- A salonunda qədim və orta əsrlərə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar və XIX əsr Azərbaycan şəhərlərinin gerbləri sərgilənir.
- B salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrlərini əhatə edir. Burada 1918-ci il dekabrın 7-də parlamentdə asılan Dövlət Bayrağı, dövrə aid fotoşəkillər, pul əsginasları, poçt markaları, eləcə də Azərbaycan SSR-in atributları təqdim edilir.
- C salonu müstəqillik dövrünə həsr olunub. Bu salonda Ümummilli Lider Heydər Əliyevə aid xatirə medalları və poçt markaları, Prezidentin ştandartı, dövlət orden və medalları, Azərbaycan Konstitusiyası, Vətən müharibəsinə həsr olunan orden və medallar, habelə Dövlət Bayrağının dünyanın ən uca zirvələrində ucaldıldığı fotolar yer alır. Eyni zamanda, burada Prezident İlham Əliyevin Dövlət Bayrağı meydanının yaradılması (2007) və Dövlət Bayrağı Gününün təsis edilməsi (2009) ilə bağlı imzaladığı sərəncamlar da sərgilənir.
- D, E və F salonlarında isə Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları, hərbi geyim nümunələri nümayiş olunur.
Muzeydə quraşdırılmış monitorlarda nümayiş olunan videomateriallar da məktəblilərin diqqətini cəlb edib. Bu videolarda Azərbaycanın dövlətçilik tarixi, Xalq Cümhuriyyəti və SSR dövrü, Ümummilli Lider Heydər Əliyevin xidmətləri, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyəti və Ali Baş Komandan kimi qazandığı Qələbə haqqında maraqlı faktlar təqdim olunub.
Ziyarət məktəblilər üçün unudulmaz və zəngin təəssüratlarla yadda qalıb.
Sinif rəhbəri Lalə Hacıyeva-Əmirbəyova bildirib ki, bu kimi tədbirlərin təşkili şagirdlərdə milli-mənəvi dəyərlərin formalaşmasında, dövlət rəmzlərinə sevgi və hörmətin aşılanmasında, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində mühüm rol oynayır.