Panik atak və onun təsirləri

Bölmə: Sosial › ,
Tarix: 21:03 28.04.2025

 

Müasir dövrdə psixoloji sağlamlıq problemləri insanların gündəlik həyatına ciddi təsir göstərir. Xüsusilə stress və travmaların səbəb olduğu hallar arasında ən geniş yayılanlardan biri də panik atakdır.

 

Məsələ ilə bağlı psixoloq Hüsniyyə Abbasova "İnformator.az"a açıqlamasında bildirib ki, panik atak və anksiyete arasında fərqlər var:

 

"Anksiyete uzun müddət davam edən bir prosesdir, panik ataq isə qəfildən, gözlənilməz bir anda başlayır. Anksiyete olanda həyəcan hissi yavaş-yavaş yaranır və uzun müddət davam edir. Panik ataqda isə qəfildən, heç bir səbəb olmadan xəstə özünü pis hiss etməyə başlayır: ürək döyüntüsü sürətlənir, titrəmə, tərləmə, başgicəllənmə və ürəkbulanma baş verir.Anksiyete zamanı da eyni simptomlar ola bilir, amma onlar yavaş inkişaf edir, qəfil başlamır. Panik atak zamanı isə insan oturduğu yerdə belə pis ola bilər".

 

Psixoloq həmçinin bildirib ki, panik atakın səbəbləri çox vaxt bilinmir. Əslində onun dərinində çox zaman uşaqlıqdan gələn ağır travmalar yatır:

 

"Anksiyete və panik atak zamanı səbəblər daha çox aydın olur: məsələn, uzunmüddətli stress, gərgin iş rejimi və ya yenə də uşaqlıq travmaları kimi faktorlar rol oynayır. Hər iki halda travmatik hadisələrin təsiri çox mənfi olur. Travmalar panik atakın şiddətini artırır, anksiyeteni isə daha da ağırlaşdırır. Yəni, istər panik ataq, istərsə də anksiyete olsun, travmatik hadisələr vəziyyəti daha da pisləşdirir".

 

Güllər Gülhüseynova