Öz bədənindən utanmaq: bədən imicinin psixoloji kökləri

Bölmə: Sosial › ,
Tarix: 21:07 28.04.2025

 

Son dövrlərdə bədən imici ilə bağlı narahatlıqlar xüsusilə gənclər arasında artıb. Sosial media, gözəllik standartları və şəxsi təcrübələr insanların öz bədənlərinə baxışına ciddi təsir edir. 

 

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova “İnformator.az”a açıqlamasında bildirib ki, son vaxtlar insanlar eyni bədən quruluşuna malik olmağa çalışırlar:

 

“Hər kəs eyni bədənə sahib olacaq deyə bir məfhum yoxdur. Bu, insan psixologiyasına da mənfi təsir göstərir. Çünki bəzən insan nə qədər çalışsa da dəbdəki bədən imicinə uyğun gələ bilmir. Bu da onlara böyük stress yaşadır, istədikləri bədənə sahib ola bilmədikləri üçün depressiyaya düşürlər. Bu, orqanizmə də, psixologiyamıza da mənfi təsir göstərir. Sosial mediada da bununla bağlı çoxlu paylaşımlar olur. Estetik mərkəzlərinin etdiyi paylaşımlar və yaxud da yaxınlarındakı insanların dəyişimlərini gördükdə onlar kimi olmaq istəyirlər. Lakin hər kəsin özünəməxsus bədən quruluşu var. Gözəlliklə bağlı insanlar süni standartlar yaradıblar. Hər bir bədən genetik, quruluş və hormonal olaraq fərqlidir. Ona müdaxilə bəzən mənfi nəticələrə gətirib çıxarır. Düşünürəm ki, əvvəlcə insan öz bədənini tanımalı və onu bəyənməlidir. Daha sonra dəyişiklik etmək istəyərsə, ətrafdakı insanlara baxaraq yox, öz istədiyi kimi və sağlamlığına zərər vurmadan edə bilər”.

 

Psixoloq qeyd edib ki, bədənini bəyənməmək, ondan utanmaq psixoloji haldır:

 

“İnsan bədənində hamı tərəfindən görülən bir qüsur varsa və həqiqətən gözə çarpacaq dərəcədədirsə, müəyyən dəyişikliklər aparmaq olar, amma bəzən, doğrudan da, yaxşı görünən insanlar bədənini dəyişməyə çalışır. Həmin insanlar öz gözlərində bədənini yaxşı görmür və davamlı olaraq dəyişdirməyə cəhd göstərir. Bu da mənfi nəticələrə gətirib çıxarır. Çünki bu, insanın psixologiyasında olan problemləri göstərir. Bunu üçün isə əvvəlcə psixoterapevt, psixiatr görüşü lazımdır, psixoloji dəstək vermək lazımdır ki, bu haldan çıxsınlar. Çünki insan özünü bəyənmədikcə kompleksə girir və bu da onun bədəninə, ruhuna və psixologiyasına mənfi təsir göstərə bilir”.

 

Lalə Qurbanlı