Azərbaycanda doğum səviyyəsi azalır-Gənclər ailə qurmaqdan çəkinir

Bölmə: Sosial › ,
Tarix: 21:49 29.04.2025

Statistik göstəricilər son illərdə Azərbaycanda doğum səviyyəsinin aşağı düşdüyünü, əvəzində əhalinin orta yaşının artdığını göstərir. Mütəxəssislər bu vəziyyətin ölkənin gələcək demoqrafik mənzərəsini ciddi şəkildə dəyişəcəyini deyirlər. Əgər tendensiya davam etsə, yaşlıların sayı artacaq, gənclər isə demoqrafik xəritədə daha az yer tutacaq.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Əhməd Rəhmanov bildirib ki, doğum səviyyəsinin azalmasının əsas səbəblərindən birinin əhalinin gələcəyə olan ümidsizliyidir:

 

“Bu gün Azərbaycanda doğulma sayının azalmasının səbəbi əhalinin gələcəyə ümidinin olmamasıdır. Məsələn, II Dünya müharibəsindən sonra əhali arasında artım oldu. Artımın səbəbi qiymətlərin aşağı düşməsi, vəziyyətin əhali üçün yaxşılaşması idi. Həmin dövrün nümayəndələrinə fikir versək, onların geniş ailəyə sahib olduqlarını görərik. İnsanlarımız işləmək istəmir. Sözün əsl mənasında istəmirlər. Televiziyada, sosial şəbəkələrdə gördüyümüz çox insan influencer, müğənni və digər sənət sahibləridir ki, bunlar insanların gözündə iş görmədən pul qazanan şəxs rolundadır. İnsanlar bu qədər az zəhmətlə bu qədər çox pulu görəndə əziyyət çəkib işləmək istəmirlər. Pul az olduğu üçün də ailə qurmaq çətin məsələyə çevrilir. Əsas çətinliklər ailə qurmaq üçün sosial çətinliklərdir – işsizlik, işləmək istəməmək, gələcəyə olmayan ümid. Hazırda hansısa insanların əmək hüququ qorunmur. Buna görə də insanlar işdə bu gündən sabaha işləyir, daimi iş kimi baxmır. Bu çətinliklərin qarşısında ailə qurmaq istəyi olmur”.

 

O, həmçinin qeyd edir ki, ölkə hələ də müharibənin sosial fəsadları ilə mübarizə aparır:

 

“Azərbaycan hazırda müharibədən yeni çıxmış ölkədir. Ərazimizdə ‘əlil’ adlandırılan şəxslərin sayı müharibədən sonra artıb. Bu sosial problemin qarşısını almaq üçün yeni iş yerləri açılarkən bu şəxsləri də unutmamaq lazımdır. İşsizlikdən əziyyət çəkən bir qisim insan da əlillərdir, bu vəziyyətin dəyişməsi üçün dövlətin sosial rifahı gücləndirən siyasət həyata keçirməsi vacibdir. Uzunmüddətli sosial sabitlik və gənclərə dəstək tədbirləri doğum səviyyəsinin yüksəldilməsində həlledici rol oynaya bilər".

 

Selcan Əhmədli