Cənubi Qafqaz regionunda baş verənlər

Tarix: 19:04 05.05.2025
Cənubi Qafqaz regionunda baş verən siyasi və hərbi proseslər, enerji və nəqliyyat xətləri üzərində gedən rəqabət Azərbaycanın geosiyasi mövqeyini daha da aktuallaşdırıb. Əsasən Rusiya-Ukrayna müharibəsindən sonra beynəlxalq güclərin regiona diqqəti artıb, bu isə Bakı üçün yeni diplomatik və strateji imkanlar yaradır.
Azərbaycanın regional mövqeyinin son illərdə necə dəyişdiyi, Rusiya–Ukrayna müharibəsinin bu mövqeyə təsiri və Bakının Avrasiya siyasətində hansı istiqamətə yönəldiyi barədə nə deyə bilərsiniz?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a bildirib ki, Azərbaycan Cənubi Qafqazın şərhsiz geosiyasi iradə mərkəzidir:
“2020-ci ildə Azərbaycanın qələbəsi ilə yekunlaşan II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi şərtlər artıq Rəsmi Bakı tərəfindən müəyyənləşdirilir. Yəni, Azərbaycan Cənubi Qafqazın geosiyasi liderinə çevrilib. Bu regionda baş verən bütün hadisələr ya Azərbaycanın maraqları çərçivəsində, ya da onun maraqlarını nəzərə almadan baş verə bilməz. Rəsmi Bakı bu regionda geosiyasi vəziyyətə tam şəkildə nəzarət edir, hətta digər region dövlətlərinin siyasi gündəliyini belə müəyyənləşdirir. Bu baxımdan demək olar ki, Azərbaycanın Cənubi Qafqazdakı mövqeyi güclənib və bu faktor regionun gələcək taleyinin müəyyən olunmasında xüsusi rol oynayır.
Təbii ki, Rusiya-Ukrayna müharibəsi müəyyən mənada Cənubi Qafqaza da təsir göstərir. Xüsusilə Rusiyanın Ukraynada zəifləməsi nəticəsində bu regiondakı mövqelərini tədricən itirməsi, Cənubi Qafqazın gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Əgər bu tendensiya davam edərsə, Rusiya yalnız 3+3 formatı çərçivəsində Cənubi Qafqaza təsir imkanlarını saxlamış olacaq. Yəni region və ətraf dövlətlərin əməkdaşlıq platforması xaricində, Kremlin təkbaşına şərtlər diktə etməsi artıq real deyil. Yaxın gələcəkdə bu vəziyyət daha da aydınlaşacaq".
“Azərbaycanın Avrasiya siyasəti çoxşaxəlidir və bu, ilk növbədə Rəsmi Bakının Avropa ölkələri ilə ikitərəfli və balanslı xarici siyasət yürütməsində özünü göstərir. Azərbaycan Qərb ölkələri, xüsusilə də Avropa İttifaqı və Şərqi Avropa dövlətləri ilə enerji sahəsində sıx əməkdaşlıq edir və hazırda Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşıdır. Lakin Avropa İttifaqı da daxil olmaqla bəzi Qərb qurumları Azərbaycana qarşı qərəzli mövqelərini davam etdirirlər. Rəsmi Bakı isə həmin beynəlxalq qurumlara və bəzi Qərb dövlətlərinə açıq şəkildə mesaj verir ki, Azərbaycanın alternativ tərəfdaşları mövcuddur".
Politoloq əlavə edib ki, bu kontekstdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük niyyəti və BRİKS-ə qoşulmaq istəyi Qərb siyasi dairələrinə ciddi mesajdır:
“Rəsmi Bakı Avropa İttifaqı da daxil olmaqla Qərb dövlətlərinə mesaj verir ki, Azərbaycanın iqtisadi, ticari və siyasi əməkdaşlıq üçün alternativləri var və bu alternativlərdən maksimum istifadə olunacaq. Xüsusilə də Prezident İlham Əliyevin Çinə səfəri bu baxımdan böyük əhəmiyyət kəsb edir. Çinə də Azərbaycan kimi etibarlı tranzit ölkə imkanlarına malik bir tərəfdaş lazım idi. Hər iki ölkənin iqtisadi və ticari maraqları baxımından Azərbaycan–Çin münasibətlərinin inkişafı strateji əhəmiyyət daşıyır. Bu mənada, Rəsmi Bakının Çinlə münasibətləri inkişaf etdirmək istəyi həm Azərbaycanın, həm də Cənubi Qafqazın gələcəyi üçün mühüm rol oynayır. Rəsmi Bakı xarici siyasət kursunda çox vektorlu yanaşmaya üstünlük verir”.
Türkan Kərimli