Daxili dialoqların psixoloji gücü-Öz-özünlə danışmaq dəli olmaq deyil

Tarix: 20:41 05.05.2025
Bir çox insan öz-özünə danışdığını etiraf etməyə çəkinir. Cəmiyyətdə bu davranış tez-tez yanlış anlaşılır və “dəli olmaq” əlaməti kimi qəbul edilir. Halbuki müasir psixologiya bunun tam əksini deyir. Daxili dialoqlar insanın düşüncə proseslərini nizamlamaq, emosiyalarını idarə etmək və qərarvermə qabiliyyətini artırmaq üçün təbii və faydalı bir vasitədir. Bəs öz-özünlə danışmaq həqiqətən də sağlamlığın göstəricisidir?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Sibel Piriyeva bildirib ki, daxili dialoq, insanın ünsiyyət ehtiyacı qarşılanmadıqda, ətrafındakıların onu başa düşmədiyini hiss etdikdə və paylaşmaq istədiyi mövzuları paylaşa bilmədikdə yaranır:
"İnsanın qurduğu ilk münasibət özü ilə qurduğu münasibətdir. Bu münasibətdə o, daxili nitqdən istifadə edir. Daxili nitq isə zamanla daxili dialoqa çevrilir. Daxili dialoqun yaranmasının əsas səbəbi insanın demək istədiyi, lakin ifadə edə bilmədiyi fikirləri özü ilə bölüşmək, problemləri və onların həll yollarını öz-özünə danışaraq daha uyğun alternativləri tapmaq istəyidir. Daxili nitq həm normal, həm də patoloji hal kimi qiymətləndirilə bilər. Əgər insan özünü dərk etmək, düşünmək və analiz aparmaq məqsədilə daxili nitqdən istifadə edirsə, bu normal hal sayılır. Lakin insan reallığı əks etdirməyən şəkildə, sanki başqa şəxslər varmış kimi öz-özünə danışırsa, hallüsinasiyalar görürsə, bu artıq patoloji vəziyyət hesab olunur. Cəmiyyət bu cür insanları “dəli” adlandıraraq tənqid etsə də, burada əsas məsələ şəxsin davranışları və düşüncə tərzidir. Daxili dialoq, insanın ünsiyyət ehtiyacı qarşılanmadıqda, ətrafındakıların onu başa düşmədiyini hiss etdikdə və paylaşmaq istədiyi mövzuları paylaşa bilmədikdə yaranır. Daxili dialoq insanın düşüncə tərzinə görə fərqlənir. Əgər bu dialoqda özünə qarşı inkar, neqativ fikirlər və ağır təhqirlər yer alırsa, bu artıq özünütənqid, əgər peşmanlıq və özünü günahlandırma duyğusu müşahidə olunursa, bu özünü ittiham halıdır. Öz-özünə danışmaqda bu hallar müşahidə edilə bilər. Uşaqlarda bu vərdiş isə əksinə, normal və sağlam sayılır. Xüsusilə də, əgər uşaqlar oyun yoldaşı tapmırlarsa, daxili nitqə daha çox müraciət edirlər və bu da onların inkişafı üçün müsbət haldır".
Qəmər Kazımzadə