Murad Musayev "Sabah"dakı fəaliyyətini meşə yanğınına bənzədib

Bölmə: İdman › ,
Tarix: 14:41 10.07.2025

"Krasnodar"dan ilk dəfə ayrıldıqdan sonra çətin dövr başladı". 


"İnformator.az" xəbər verir ki, bunu Rusiya çempionun baş məşqçisi Murad Musayev “Sport-Ekspress”ə verdiyi müsahibəsində deyib.

 

42 yaşlı mütəxəssis 2021-ci ildə “Krasnodar”dan ayrıldıqdan sonra yaşadığı çətin dövrün onun peşəkar karyerasının formalaşmasında həlledici rol oynadığını bildirib. Musayev həmin vaxt bu vəziyyətdən çıxmaq üçün idman psixoloqundan dəstək aldığını etiraf edib: “Bu, mənim üçün sanki dözümlülük testi idi. Artıq düşünürdüm ki, bəlkə də doğru yolda deyiləm. Emosiyalar yox idi, güc tükənmişdi. Bir növ tükənmişlik anı idi. Həmin vaxt Ali Məşqçilik Məktəbində oxuyurdum. Dərslərə məşhur idman psixoloqu gəlirdi. Kim olduğumu bilirdi. Dedi: ‘Bilirsən, bu, meşədəki çəmənliyə bənzəyir. Orada yanğın olub, hər şey yanıb. Amma bir az vaxt keçəcək, yenidən yaşıllaşacaq, yarpaqlar çıxacaq, otlar bitəcək. Səndə də belə olacaq".

 

Musayev sonradan “Sabah”a baş məşqçi təyin olunmasının və oradakı fəaliyyətinin onun üçün dönüş nöqtəsi olduğunu qeyd edib: “Doğrudan da belə oldu. Azərbaycana gedəndə bir çox yenilikləri sınaqdan keçirməyə başladıq. Yeni ideyalar, emosiyalar, əla nəticələr ortaya çıxdı. Bu işimlə fəxr edirəm. O vaxt hələ yeni sayılan, indi isə ölkədə böyük kluba çevrilmiş bir komandaya baş məşqçi təyin olundum. “Sabah” artıq üçüncü dəfə avrokuboklara vəsiqə qazanıb. Klub Vasili Berezutski ilə birlikdə Azərbaycan Kubokunu qazanaraq buna nail oldu".


Təcrübəli mütəxəssis “Sabah”la yollarını ayırmasının da düzgün qərar olduğunu söyləyib: “Mən komandaya gələndə “Sabah” turnir cədvəlində sonuncu yerdə idi. Mövsümün sonunda beşinci olduq. Növbəti mövsümdə isə real gümüş medal qazandıq. Bunu da gözəl futbol və hibrid sxemlərlə oynayaraq etdik. Bütün bu çətinliklərdən, şübhələrdən keçmək lazım idi. “Krasnodar”a qayıdış da asan olmadı. Amma uğura gedən yol məhz belə sınaqlardan keçir”.