İsrail Qəzzaya hərbi əməliyyatını genişləndirir

Bölmə: Dünya › ,
Tarix: 20:43 05.05.2025

İsrailin təhlükəsizlik kabineti Qəzzaya yönəlmiş hərbi hücumların genişləndirilməsi planını təsdiqləyib. Bildirilir ki, plan Qəzzanın tam işğalını nəzərdə tutur. İsrail ordusu əməliyyatın yeni mərhələsinə hazırlıq məqsədilə on minlərlə ehtiyatda olan əsgəri xidmətə çağırıb.


İsrail yeni əməliyyatla Həmasın əlində olan israilli girovları geri qaytarmaq və Həması məğlub etmək üçün ona qarşı “təzyiqi artıracağını” qeyd edir. Bildirilir ki, plan ABŞ Prezidenti Donald Trampın gələn həftə bölgəyə edəcəyi səfərdən sonra həyata keçiriləcək.


Həmçinin kabinet Qəzzada humanitar yardımın xüsusi şirkətlər vasitəsilə yenidən paylanmasına prinsip etibarilə razılıq verib.
Birləşmiş Millətlər Təşkilatı və digər yardım təşkilatları bu addımın əsas insan haqları prinsiplərinin pozulması olacağını bildirərək əməkdaşlıq etməyəcəklərini açıqlayıblar.
Qəzza mart ayından bəri İsrailin blokadası altındadır və humanitar yardım təşkilatları ərzaq və digər zəruri ehtiyacların çatışmazlığının ciddi səviyyəyə çatdığını bildirirlər.


Mənbə: BBC News

Fatimə Heydərova