Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib-Rusiya

Bölmə: Dünya › ,
Tarix: 20:46 05.05.2025

Rusiya 9 May – Böyük Vətən Müharibəsində Qələbə Günü münasibətilə keçiriləcək hərbi parad ərəfəsində Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edildiyini bildirib. Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə sistemlərinin dörd dronu zərərsizləşdirdiyini, hadisə nəticəsində xəsarət və dağıntı qeydə alınmadığını deyib.

 

Bu hücum Domodedovo hava limanında təxminən 90 dəqiqəlik uçuşların dayandırılmasına səbəb olub. Rosaviatsiya təhlükəsizlik məqsədilə bu addımın atıldığını açıqlayıb. Rusiya rəsmiləri eyni zamanda Bryansk vilayətində 17, Kaluqa üzərində isə 5 pilotsuz aparatın vurulduğunu bildiriblər.

 

Rusiya tərəfi bu cəhdin mayın 9-da keçiriləcək dövlət tədbirlərinə, o cümlədən xarici liderlərin iştirakı ilə baş tutacaq hərbi parad hazırlıqlarına maneə yaratmaq məqsədi daşıdığını düşünür. Prezident Vladimir Putin 72 saatlıq birtərəfli atəşkəs elan edərək bunun humanitar addım olduğunu vurğulayıb. Atəşkəs dövründə Çin Prezidenti Si Cinpin, Braziliya Prezidenti Lula da Silva, Serbiya Prezidenti Aleksandr Vuçiç və Slovakiya Baş naziri Robert Fico Moskvaya səfər edəcək.

 

Ukrayna isə bu addımı “qeyri-ciddi” adlandırıb və daimi, 30 günlük atəşkəs təklifi ilə çıxış edib. Prezident Volodimir Zelenski Moskvada mayın 9-da “xoş atmosfer yaratmaq” cəhdlərini tənqid edərək, Rusiyanı sinik davranışda ittiham edib. Onun sözlərinə görə, Rusiya atəşkəs tələb etdiyi günlərdə belə Ukraynaya raket və dron zərbələri endirməyə davam edir. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın bir gecədə göndərdiyi 116 pilotsuz aparatın 42-nin vurulduğunu açıqlayıb. Kiyevdə baş verən hücum nəticəsində azı 11 nəfər yaralanıb, onlardan ikisi uşaqdır. Çerkassı şəhərində də yaşayış binalarına və mülki obyektlərə ziyan dəyib.

 

Həmçinin Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayətində yerləşən bəzi mövqelərə hücum etdiyi bildirilir. Rusiya tərəfi bu istiqamətdə döyüşlərin getdiyini təsdiqləyib.


Mənbə: Al Jazeera

Qəmər Kazımzadə