Çin firması yüzlərlə iş yeri yaradacaq

Tarix: 21:06 06.05.2025
Çinin avtomobil istehsalçısı Dongfeng Audi Motors, Əfqanıstanda avtomobil istehsalı zavodu qurmaq məqsədilə 50 milyon dollar sərmayə yatıracağını açıqlayıb. Üç il yarım müddətində həyata keçirilməsi planlaşdırılan bu layihə dörd mərhələdə reallaşdırılacaq və hər il 2000 ədəd yüksək məhsuldarlıqlı avtomobil, yük maşını və təcili yardım maşını istehsalı nəzərdə tutulur.
Sözügedən təklif, mayın 5-də Əfqanıstanın müvəqqəti administrasiyasının Sənaye və Ticarət Nazirinin müavini Mövləvi Əhmədullah Zahid ilə keçirilən rəsmi görüşdə təqdim olunub. Şirkət nümayəndələri bildiriblər ki, bu zavodun fəaliyyətə başlaması ilə 500–700 arası yerli iş yeri yaradılacaq və ölkə iqtisadiyyatında ciddi canlanma müşahidə olunacaq.
Nazir müavini Zahid sərmayəni müsbət qarşılayaraq, Əfqanıstanın xarici investorlar üçün təhlükəsiz və əlverişli biznes mühiti yaratmağa sadiq olduğunu vurğulayıb. O, layihənin uğurla icra olunması üçün Sənaye və Ticarət Nazirliyinin tam əməkdaşlıq göstərəcəyinə, infrastrukturun inkişafının dəstəklənəcəyinə və hüquqi prosedurların sadələşdiriləcəyinə dair təminat verib.
Bu təşəbbüs, Əfqanıstanın sənaye bazasının dirçəldilməsi və xarici investisiyaların cəlb olunması istiqamətində əlamətdar mərhələ hesab olunur. Yerli avtomobil istehsalı müəssisəsinin yaradılması, ölkənin idxaldan asılılığını azaltmaq, iqtisadi artımı təşviq etmək və davamlı məşğulluq imkanları yaratmaq məqsədi daşıyır. Dongfeng Audi Motors tərəfindən edilən bu investisiya, Əfqanıstanın beynəlxalq biznes üçün inkişaf edən potensial bazar kimi qəbul edilməsinin göstəricisidir.
ANEWZ
Güllər Gülhüseynova