Vakansiya seçiminin nəticələri açıqlanıb

Tarix: 22:10 13.05.2025
1 868 müəllim iş yerini dəyişib, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, müəllimin bir məktəbdən digərinə yerdəyişmə etməsi uzunmüddətli perspektivdə tədrisin davamlılığına və şagird-müəllim münasibətlərinə təsiri həm müsbət, həm də mənfi ola bilər:
"Müəllimlər yerdəyişmə zamanı əsasən onlar üçün əlverişli olan, məsələn, yaşadıqları əraziyə yaxın məktəbi seçməyə üstünlük verirlər. Bu, əsasən zaman, pul və enerji itkisinin qarşısını almaq üçün atılan addım olur. Müəllimlərin məktəblər arasında hərəkəti bəzi məktəblərdə keyfiyyət itkisinə, digərlərində isə keyfiyyətin artmasına səbəb ola bilər. Məsələn, təcrübəli və peşəkar müəllimin A məktəbindən getməsi həmin məktəbdə keyfiyyət boşluğu yarada bilər. Eyni müəllimin B məktəbinə keçməsi isə orada tədris səviyyəsini artıra bilər. Amma nəticədə müəllim təhsil sistemini tərk etmir, sadəcə digər məktəbə yerdəyişmə edir. Müəllimin bir məktəbdən digərinə yerdəyişmə etməsi uzunmüddətli perspektivdə tədrisin davamlılığına və şagird-müəllim münasibətlərinə təsiri həm müsbət, həm də mənfi ola bilər. Mənfi təsirlərə misal kimi tədris prosesində fasilənin yaranmasını, yeni müəllimin əvvəlki tədrisə adaptasiyasının zaman almasını, şagird-müəllim arasında emosional bağın qırılmasını, yeni müəllimlə etimadın, uyğunlaşmanın vaxt almasını, davamlılıq hissinin zəifləməsini göstərmək olar. Müsbət təsirlərinə isə yeni müəllimin fərqli yanaşma gətirməsini, işini narahatlıqla davam etdirən müəllimin yeni ruhlu müəllimlə əvəz edilməsini göstərmək olar. Nəticə olaraq demək mümkündür ki, uzunmüddətli perspektivdə bu tip yerdəyişmələrin təsiri konkret vəziyyətə, məktəbin uyğunlaşdırma imkanlarına, yeni müəllimin çevikliyinə və təhsil idarəetməsinin dəstəyinə bağlıdır. Bu səbəbdən müəllim yerdəyişməsi planlı şəkildə həyata keçirilməlidir".
Həmçinin təhsil eksperti müəllimlərin iş yerini dəyişmək istəməsinin bir sıra psixoloji, sosial və maddi amillərlə bağlı olduğunu qeyd edib:
"Bəzən şahidi oluruq ki, müəllimlərin iş yerini dəyişmək istəməsi bir sıra psixoloji, sosial və maddi amillərlə bağlı olur. Davamlı stress, yersiz təzyiqlər və qiymətləndirilməmək hissi nəticəsində müəllimlər əvvəlki məktəbdə özlərini tükənmiş hiss edə bilirlər. Bu halda yeni məktəb yeni başlanğıc kimi görünür. Rəhbərliyin dəstəyinin ya olmaması, ya da az olması, şagirdlərin və ya valideynlərin münasibətindən narazılıq, məktəbdə texniki bazanın zəif olması, tədris prosesində yenilik və inkişaf imkanlarının azlığı da müəllimlərin yer dəyişməsinə səbəb ola bilir".
Qəmər Kazımzadə