Qida İntoleransı: Qida Allergiyasından Necə Fərqlənir?

Bölmə: Sosial › ,
Tarix: 21:02 15.05.2025

Qida intoleransı- müəyyən qidaların istehlakı nəticəsində orqanizmdə müxtəlif fiziki əlamətlər və narahatlıqların yaranması ilə xarakterizə olunan vəziyyətdir.

 

Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, qida çox ciddi məsələdir. Onu alarkən, hazırlayarkən və yeyərkən çox diqqətli olmaq lazımdır, xüsusilə əgər sizdə qidaya qarşı allergiya və ya qida dözümsüzlüyü (intolerans) varsa:

 

“Qida dözümsüzlüyü — həzm sisteminin istehlak edilən qidanın tərkibində olan bir maddəyə reaksiyasıdır. Qidada olan bu maddə insanın həzm sistemi tərəfindən düzgün həzm olunmur və ya parçalanmır. Bu, həzm sistemini qıcıqlandırır və zərər verir. Belə hallarda nə baş verir?

Bu bizi narahat edən yeməyi müəyyən miqdarda istehlak etdikdə özünü göstərə bilər. Qida dözümsüzlüyünün əsas səbəbi həmin qidanın miqdarıdır. Dözümsüzlüyə səbəb olan qida az miqdarda istehlak edildikdə bədən tərəfindən qəbul edilir, lakin daha böyük miqdarda narahatlıq yarada bilər.

 

Qida dözümsüzlüyünün simptomları isə mədə ağrısı, mədədə sancı və yanma hissi, bulantı və qusma, mədə və bağırsaqlarda qaz və şişkinlik, baş ağrısı, əsəbilik, zəiflik, yorğunluq, ishaldır.

 

Bəs qida allergiyası nədir?

 

Qida allergiyası — immunitet sisteminin istehlak edilən qidanın tərkibində olan bir maddəyə reaksiyası kimi müəyyən edilir. Bədən öz müdafiə sistemini qidada olan bu maddəyə qarşı aktivləşdirir. Tərkibində allergen olan qida yenidən istehlak edildikdə, əvvəllər istehsal olunan antikor histamin adlı kimyəvi maddənin sərbəst buraxılmasına səbəb olur. Histamin insanın müəyyən qida zülalına qarşı həssaslığına səbəb olur. Buğda, soya məhsulları, yumurta, süd, çiyələk, badam və qoz ən çox yayılmış allergen qidalardır.

 

Əgər insanın qida allergiyası varsa, o, həmin yeməyi ilk dəfə yedikdə heç nə hiss etməyə bilər. Allergiyanın olub-olmaması qidanın ikinci dəfə istehlak edilməsi ilə müəyyən edilə bilər.

 

Qida allergiyasının əlamətləri isə mədə ağrısı, ürəkbulanma, qusma, dəridə qaşınma, səpgilər, dilin, boğazın və ya gözlərin şişməsi, sinə ağrısı, nəfəs darlığı, qəfil pisləşmə, aşağı qan təzyiqi, başgicəllənmə, özündən getmə və anafilaktik şokdur. 

 

Qida intoleransına necə diaqnoz qoyulur?

 

Qida dözümsüzlüyü eliminasiya pəhrizi və ya qida dözümsüzlüyü testi ilə diaqnoz edilə bilər. Eliminasiya pəhrizində problemli qidaları müəyyən etmək üçün həkim və ya dietoloqun nəzarəti altında şübhəli qidalar pəhrizdən tamamilə çıxarılır və sonra bu qidalar tək-tək yenidən pəhrizə daxil edilir. Semptomları araşdıraraq hansı qidaların qida dözümsüzlüyünə səbəb olduğunu anlamaq mümkündür.

 

Qida allergiyasını təyin etmək üçün tənəffüs, qan və dəri testləri aparılır. Bütün testlərin nəticələrini mütəxəssis həkimin  nəzərdən keçirilməsi və qida allergiyası testinin düzgün şərh edilməsi çox vacibdir.

 

Biz özümüz müşahidə aparsaq və qidamıza qarşı diqqətli olsaq, bizi narahat edən bu əlamətləri həkimlə məsləhətləşməklə özümüzü qoruya bilərik.

 

Unutmaq olmaz: həkim göstərişi olmadan və məlumatsız şəkildə heç bir tibbi müdaxilə etmək, pəhriz saxlamaq və hər hansı dərman qəbul etmək olmaz.

 

Sağlam qidalanaraq sağlam yaşayın!"

 

Çimnaz Telmanqızı