Netanyahu və Trampın daha bir görüşü olacaq

Tarix: 16:08 09.07.2025
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi onun ABŞ Prezidenti Donald Trampla bu gün daha bir görüş keçirəcəyini təsdiqləyib.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Tural İrfan bildirir ki, İsrail İrana qarşı işini bitmiş hesab etmir:
“Ona görə də ABŞ-nin prezidenti Donald Trampla İsrailin baş naziri ilə görüşü zamanı bu məsələnin də yenidən müzakirəsi mümkündür. Görünən odur ki, İsrail İrana yeni zərbələr vurmağa hazırlaşır və bununla bağlı fikir ayrılığını aradan qaldırmaq üçün müzakirə labüddür. Eyni zamanda ABŞ İranda rejim dəyməsinə hazır deyil. İsrail isə bunda qəti qərarlıdır. Beynəlxalq təziqləri İsrail onsuz da qəbul etmir və nəzərə almır. Ancaq hər bir halda ABŞ-nin İsrailə fəal dəstəyi beynəlxalq təsirlərdən yan keçməyə də xidmət edir. Gizli razılaşmaların da olması istisna deyil. İranın daxildən zəiflədilməsi və rejim dəyişikliyi üçün müharibədən başqa yollar da nəzərdən keçirilə bilər. Şübhəsiz ki, hərbi texnoloji sahələrdə də həmişə olduğu kimi ABŞ-nin İsraili tam təmin etməsi üçün yeni dəstək yollarının nəzərdən keçirilərək reallaşması mümkündür. Çinin və Rusiyanın İrana dəstəyi də əsas mövzulardandır. ABŞ-nin Çinə qarşı atacağı addımların İsrailin İran müdaxiləsinə böyük təsiri və əhəmiyyəti var. Ona görə də Çinə qarşı atılacaq addımların müəyyən edilməsi, İrana mümkün dəstək verən dövlətlərlə münasibətlərin hansı formada qurulması barədə də siyasi istiqamət müəyyən oluna bilər. Həmasla İsrailin arasında baş verən müharibənin aqibəti, Suriya və dövlətlərin İsraillə münasibətlərinin inkişafı da önəmli mövzulardandır. Lakin əsas hədəf və istiqamət İsrailin hərbi yöndən daha təkmil şəkildə təchiz olunmasıdır. Bu da yeni müharibələrin anonsunu verməkdədir”.
Aysel Mirzəyeva