Talaçay və Damarçın çaylarında sel müşahidə olunur

Bölmə: Hadisə › ,
Tarix: 22:04 15.05.2025

Bəzi çaylarda sululuq artıb. Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan və Şəki rayonu ərazisindən axan Damarçın çayından sel keçib.

 

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 116 sm, Vəlvələçayda 18 sm, Katexçayda 16 sm, Qudiyalçayda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 3 sm, Kürəkçayda 6 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tutqunçay və Oxçuçayda 3 sm, Araz çayının yuxarı axınında 37 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda isə 6 sm artım qeydə alınıb.

 

Yaxın günlərdə gözlənilən yağıntılarla əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 

Bu məsələ ilə bağlı ekoloq Ənvər Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, əgər bu çətinliklər uğurla dəf olunsa,  çaylar üzərində yeni su anbarlarının tikintisi, suların tənzimlənməsi və idarə olunması təmin olunacaq:

 

“Azərbaycan ərazisində uzun müddət aparılan tədqiqatların nəticələrinə əsasən, ölkəmizdə ən çox yağıntı yazın sonu və yayın əvvəlinə təsadüf edir. Tədqiqatlar göstərir ki, təxminən hər 30-40 ildən bir Azərbaycan ərazisində quraqlıq dövrlər yağıntılı dövrlərlə, yağıntılı dövrlər isə quraqlıqla əvəz olunur. Bu təbii prosesin gələcəkdə də davam edəcəyi ehtimal olunur.

 

Hazırda hökumətimiz, bitkilərin ehtiyac duymadığı dövrlərdə zərər verən artıq suyun qarşısını almaq və gələcəkdə quraqlıq dövründə bitkilərə dəstək olmaq məqsədilə, kənd təsərrüfatının davamlı və səmərəli inkişafını təmin etmək üçün su anbarlarının tikintisinə başlayıb. Bu istiqamətdə ilk layihə Ağsu çayı üzərində həyata keçirilib və təxminən 30 milyon kubmetr tutuma malik su anbarı tikilib.

 

Digər layihə isə su anbarlarının təmizlənməsi və balıqçılığın inkişaf etdirilməsi ilə bağlıdır. Bu çərçivədə 1,6 milyon kubmetr həcmində su anbarının yaradılması və burada balıqçılıq işlərinin aparılması nəzərdə tutulur.

 

Əgər hökumət bu çətinlikləri uğurla dəf edə bilsə, çaylar üzərində yeni su anbarlarının tikintisi, suların tənzimlənməsi və idarə olunması təmin olunacaq. Bu da gələcəkdə kənd təsərrüfatında, xüsusilə bitkiçilik və heyvandarlıq sahələrində mühüm rol oynayacaq və bu sahələrin inkişafına töhfə verəcəkdir".

 

Xədicə Məhərrəmli