Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir

Tarix: 20:37 16.05.2025
Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. Məlumata görə, bu addım “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq atılır.
Belə ki, 2025-ci il mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər. İndiyə qədər portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.
“Yolumuz Qarabağa” portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, ölkə vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, “B” kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Avtomobili idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı və bu barədə səfər edən şəxsləri də məlumatlandırmalıdır. Mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
Bu məsələ ilə bağlı Gülnar Mustafayeva "İnformator.az"a açıqlamasında bildirib ki, həyata keçirilən yol-nəqliyyat infrastruktur layihələri vətəndaşların rahat və təhlükəsiz səfərini hədəfləyir:
“Azərbaycan Respublikası vətəndaşları öz fərdi minik avtomobilləri ilə işğaldan azad olunmuş ərazilərimizdən Şuşa və Suqovuşana 2023-cü ilin dekabrından, Laçına isə 2024-cü ilin aprel ayından müəyyənləşdirilmiş qayda və təlimatlara əməl etməklə “Yolumuz Qarabağa” (https://www.yolumuzqarabaga.az/) portalından əldə olunan icazələr əsasında səfər edə bilirlər. 2025-ci il mayın 20-dən etibarən isə vətəndaşlar “Yolumuz Qarabağa” portalından əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə Xankəndi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xocalı və Ağdərəyə səfər edə biləcəklər.
Ərazilərin əlçatanlığının təmin olunması məqsədilə müvafiq dövlət orqanları yol infrastrukturu təkmilləşdirir. Bərdə–Ağdam, Əhmədağalı–Alıbəyli–Naftalan–Ağdam, Ağdam–Füzuli, Zəfər yolu, Füzuli–Hadrut–Cəbrayıl, Füzuli–Şuşa, Zəngilan–Qubadlı istiqamətlərində yolların salınması və bu kimi digər həyata keçirilən layihələr vətəndaşların rahat və təhlükəsiz səfərini təmin etməyə yönəlib.
Həmçinin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfər edən turistlərin istirahətinin təşkili üçün mehmanxanalar və ictimai iaşə obyektləri fəaliyyət göstərir. Hazırda Şuşa şəhərində 4, Xankəndi şəhərində 10, Ağdam rayonunda 2, Zəngilan və Laçın rayonlarının hər birində 1 hotel turistlərin xidmətindədir.
Dövlət Turizm Agentliyi işğaldan azad olunan ərazilərdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirir. 2023-cü ilin oktyabrında Suqovuşan qəsəbəsində su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası və idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada və nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb.
Bununla yanaşı, Şahbulaq qalası və Sərsəng su anbarı ətrafında turizm infrastrukturunun yaradılması, Tuğ kəndində və Hadrut qəsəbəsində turizm infrastruktur işlərinin aparılması davam etdirilir və ərazilər mərhələli şəkildə turistlərin qəbulu üçün hazırlanır.
Dövlət Turizm Agentliyi Füzuli rayonundan başlayaraq “Zəfər Yolu” turizm marşrutunun hazırlanması, eləcə də dövlət-özəl əməkdaşlığı modeli əsasında Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarına bir günlük və çoxgünlük turların təşkil edilməsi nəzərdə tutur".
Xədicə Məhərrəmli