İmpetiqo xəstəliyi – yaranma səbəbləri və simptomları nələrdir?

Tarix: 20:52 16.05.2025
İmpetiqo xəstəliyi əsasən uşaqlarda rast gəlinən dəri infeksiyasıdır.
Mövzu ilə bağlı dermatoloq Tünzalə Əzizli “İnformator.az”a açıqlamasında bildirib ki, bu xəstəlik dəridə meydana çıxan, adətən uşaqlar arasında yayılan yoluxucu, bakterial bir infeksiyadır:
“Törədiciləri bakteriyalardır. Əsas əlamətləri dəridə kiçik qırmızı ləkələrdir. Bunlar daha çox üz nahiyəsində, ağız və burun ətrafında müşahidə olunur. Həmin ləkələr suluqlara çevrilir, suluqlar isə daha sonra partlayaraq qartmaq əmələ gətirir. Gedişat zamanı qaşıntı da müşahidə oluna bilər. Ağır hallarda isə qızdırma qeydə alınır.
İmpetiqonun müxtəlif növləri var. Bulloz impetiqo adlanan növdə isə böyük suluqlar əmələ gəlir. Bu suluqların içi sarımtıl maye ilə dolu olur və daha çox körpələrdə rast gəlinir. Yoluxma birbaşa təmas yolu ilə baş verir. Müalicəsində antibiotik tərkibli həm yerli, həm də sistem terapiyadan istifadə olunur. Antibiotik tərkibli kremlərdən və tabletlərdən istifadə edilə bilər".
Çimnaz Telmanqızı