Lupus eritematozus xəstəliyinin əlamətləri nələrdir? -dermatoveneroloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:59 16.05.2025

Lupus eritematozus xəstəliyi bədənin özünə qarşı hücum etdiyi, müxtəlif orqan və sistemlərə təsir edən bir avtoimmün xəstəlikdir.



Mövzu ilə bağlı dermatoveneroloq Tünzalə Əzizli “İnformator.az”a açıqlmasında bildirib ki, lupus eritematozus xəstəliyi xroniki autoimmun mənşəli bir xəstəlikdir:

 

 

“Bədən öz hüceyrələrini, toxumalarını yad bir hüceyrə kimi qəbul edir və onlara qarşı immun sistemi formalaşdırır, onları zədələyir. Bununla da, daxili orqanlar da zədələnir. Lupus eritematozusun bir neçə növü vardır. Buna qırmızı qurd eşənəyi də deyilir. Sistem formalı qırmızı qurd eşənəyi, dəri formalı, dərmanlarla əlaqədar yaranan forma və neonatal qırmızı qurd eşənəyi. Ən çox yayılan və çoxsaylı orqan zədələnmələrinə səbəb olan sistem formalı qırmızı qurd eşənəyidir”.


Dermatoveneroloq sözlərinə görə, dəri forması əsasən dəridə səpkilərlə, zədələnmələrlə müşahidə olunur:


“Bəzi dərmanların təsirindən yaranan forma dərmanlarla əlaqəli lupusdur, neonatal isə nadir hallarda da olsa , anti-cisimlər dölə valideyindən ötürülür və yeni doğulanın neonatal lupusu müşahidə olunur. Əsasən üz dərisində, burun və yanaq nahiyəsində kəpənək formasında səpkilərlə özünü göstərir. Oynaqlarda ağrı, şişkinlik, yorğunluq və halsızlıq, günəşə qarşı həssaslıq, saç tökülməsi, ağızda yaralar, daxili orqanların zədələnməsi kimi hallar müşahidə oluna bilər. Bəzi xəstələr şiddətli baş ağrılardan və qıcolmalardan şikayətlənirlər. Səbəbi tam olaraq məlum deyil. Amma genetik, hormonal meyillilik əsas səbəblərdən sayılır. Klinik məlumatlara əsasən diaqnoz qoyulur. Qan testləri, sidik analizləri, immunoloji testlər yoxlamaqla diaqnoz təsdiqlənə bilər. Tam müalicə olunmasa da , simptomatik müalicə ilə xəstənin vəziyyətini yaxşılaşdırmaq mümkündür. Müalicədə daha çox iltihab əleyhinə dərmanlar, kortikosteroidlər, bioloji preparatlardan istifadə olunur. Ağır bir dermotoloji sistem xəstəliyi olduğu üçün xəstəlikdən əziyyət çəkən xəstələr mütləq şəkildə dermatoloqa müraciət etməli və dermatoloq nəzarətində müalicə almalıdırlar”.

 

 

Əminə Əliyeva