Araşdırma: Süni intellekt emosional zəka testlərində insanlardan daha doğru cavablar verir

Tarix: 16:30 23.05.2025
İsveçrədə aparılan araşdırma göstərib ki, süni intellekt modelləri emosional zəka testlərində insanlardan daha düzgün cavablar verə bilir.
Cenevrə və Bern Universitetlərinin tədqiqatçıları altı müxtəlif süni intellekt sistemini insanlar üçün hazırlanmış emosional zəka testlərinə cəlb ediblər.
Araşdırma çərçivəsində empati, emosional vəziyyətləri tanımaq, tənzimləmək və idarəetmə qabiliyyətini ölçən ssenarilərdən ibarət beş test istifadə olunub.
Məsələn, iş yerində bir işçinin fikrinin oğurlanması kimi mürəkkəb bir vəziyyətdə ən uyğun reaksiyanı müəyyənləşdirmək kimi çətin sualların verildiyi bu testlərdə süni intellekt modelləri 81% düzgün cavab verib. Eyni suallar insanlara verildikdə isə onların düzgün cavab nisbəti 56% olub.
Araşdırmanın ikinci mərhələsində isə tədqiqatçılar ChatGPT-dən yeni emosional zəka testləri yaratmasını istəyiblər. 400-dən çox iştirakçının qiymətləndirdiyi bu testlər, süni intellekt tərəfindən yaradılmamış testlər qədər real və inandırıcı hesab olunub.
Araşdırmanın müəlliflərindən Marcello Mortillaro nəticələrlə bağlı bildirib: “Bu, süni intellektin təkcə emosiyaları anlamadığını, eyni zamanda emosional zəka ilə davranmağın nə demək olduğunu da qavradığını göstərir.”
Mütəxəssislər bildirirlər ki, bu nəticələr süni intellektin təhsil, kouçluq və münaqişələrin idarə olunması kimi insana məxsus sahələrdə, mütəxəssislərin nəzarəti ilə istifadə oluna biləcəyini göstərir.
Araşdırmanın nəticələri “Communications Psychology” jurnalında dərc edilib.
Mənbə: TRT HABER
Solmaz Muradova