Lavrov: “Atəşkəs – sonra baxarıq” prinsipi keçərli deyil

Bölmə: Siyasət › ,
Tarix: 17:25 23.05.2025

 

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya-Ermənistan Universitetində bildirib ki, Ukrayna ilə münaqişənin nizamlanmasında “atəşkəs – sonra baxarıq” yanaşması artıq qəbul edilmir.

 

Lavrov 2022-ci ildə İstanbulda paraflanan razılaşmaların Qərb tərəfindən imzalanmasına mane olunduğunu vurğulayıb:

 

“İndi deyirlər ki, ‘gəlin atəşkəs olsun, sonra baxarıq’. Biz bu ssenarini artıq yaşamışıq və təkrar istəmirik”.

 

O, Avropa və ABŞ rəsmilərini Rusiyaya qarşı sanksiyaları artırmağa çağırmaqda ikili standartlarda ittiham edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Oqtay Qasımov “İnformator.az ”a açıqlamasında bildirib ki,Ukrayna ilə Rusiya arasında aparılan danışıqlarda tərəflərin mövqeləri ciddi şəkildə fərqlənir:

 

"Ukrayna ilkin mərhələdə bir aylıq atəşkəsin elan olunmasını və həmin dövrdə sülh danışıqlarına başlanmasını təklif edir. Rusiya isə əksinə, əvvəlcə danışıqların aparılmasını, razılaşmalar əldə olunduqdan sonra isə sülh müqaviləsinin imzalanmasını tələb edir. Hazırda Rusiyanın irəli sürdüyü tələblər Ukrayna üçün məqbul hesab edilmir və maksimalist xarakter daşıyır. Rusiya yalnız işğal etdiyi ərazilərlə kifayətlənmir, həm də Ukraynanın nəzarətində olmayan digər bölgələrə iddialar irəli sürür və bu iddialarını saxta referendumlarla əsaslandırmağa çalışır.

 

Rusiyanın Ukraynanın atəşkəs təklifinə razılıq verməməsinin əsas səbəbi, Kiyevin bu müddət ərzində hərbi qüvvələrini bərpa edərək müharibəni davam etdirmək potensialı qazanacağından ehtiyatlanmasıdır. Lakin bu, reallığı tam əks etdirmir. Bir ay kimi qısa müddətdə Ukraynanın hərbi potensialını kardinal şəkildə dəyişməsi real görünmür. Üstəlik, Ukraynaya edilən beynəlxalq yardımlar da hələlik bu dəyişiklik üçün kifayət qədər güclü deyil. Beləliklə, Rusiya, Ukraynanın təklifini rədd etməklə, öz maksimalist tələblərini irəli sürmək və danışıqlarda üstün mövqe əldə etmək niyyətindədir. Bu isə danışıqların dalana dirənməsinə səbəb olur.

 

2022-ci ilin martında İstanbulda keçirilən görüşdə tərəflər mövqelərini kifayət qədər yaxınlaşdırıblar və müharibənin daha yüngül şərtlərlə dayandırılması real görünüb.Lakin həmin dövrdə Böyük Britaniyanın baş naziri Boris Consonun Kiyevə səfəri və Qərbin Rusiyaya qarşı sərt mövqe sərgiləməsi bu prosesi arxa plana keçirib. Nəticədə müharibə davam edib və Ukrayna daha geniş ərazilərini itirib. Qərb isə vəziyyəti köklü şəkildə dəyişə bilməyib. Bu, bir qədər də Qərbin Ukraynaya yardımları mərhələli şəkildə və məhdud formatda etməsi ilə bağlı olub. Əgər 2022-ci ildə Ukraynaya lazım olan hərbi texnika və silahlar vaxtında və tam şəkildə təqdim edilsəydi, vəziyyətin fərqli yöndə inkişaf etməsi mümkün ola bilərdi.

 

Siyasi şərhçi əlavə edib ki, hazırkı vəziyyətdə münaqişənin həlli üçün əsas alternativ tərəflərin qarşılıqlı şəkildə məqbul saydıqları şərtlərlə razılaşması ola bilər:

 

"Lakin tərəflərin maksimalist yanaşmaları bu prosesi çətinləşdirir. Ukrayna Rusiyanın 1991-ci il sərhədlərinə qədər geri çəkilməsini və işğalın tamamilə dayandırılmasını tələb edir. Bu isə Rusiya üçün qəbuledilməzdir. Moskva işğal etdiyi ərazilərdən geri çəkilmək niyyətində deyil. Ukrayna faktiki işğalı tanısa da, onun legitimləşməsinə razı deyil. Rusiya isə əksinə, işğalı hüquqi çərçivəyə salmağa çalışır.

 

Hazırkı reallıqda kompromis tapmaq çətin görünür. Yeganə ehtimal edilən alternativ yollardan biri, gələcəkdə ABŞ-da hakimiyyət dəyişikliyi olarsa, yeni administrasiyanın Rusiyaya qarşı siyasətini sərtləşdirməsi və Ukraynaya daha güclü dəstək göstərməsi ola bilər. Lakin bu ssenari yaxın perspektivdə real görünmür”.

Mahmudlu Ləman