Müəllimlərin işə qəbulu imtahanına qeydiyyat başlayıb

Bölmə: Sosial › ,
Tarix: 20:25 23.05.2025

Müəllimlərin işə qəbulu üçün müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.

 

Mövzu ilə əlaqəli təhsil eksperti Rizvan Fikrət oğlu bildirib ki, MİQ imtahanına qeydiyyat zamanı namizədlərin qarşılaşdığı çətinliklər barədə bu gün tam danışmaq mümkün deyil, çünki proses yeni başlayıb və real çətinliklər növbəti günlərdə üzə çıxacaq:

 

"Ümumiyyətlə, əvvəlki illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, qeydiyyat sistemində bəzən eyni anda minlərlə namizəd daxil olur ki, bu da saytın yüklənməsinə, səhifələrin açılmamasına və ya sistem xətalarının yaranmasına səbəb ola bilər. Belə hallar baş verdikdə, bunun qarşısını almaq üçün server gücünün artırılması və yüksək trafikə dözümlü sistem infrastrukturunun qurulması zəruridir.

 

Həmçinin qeydiyyat müddətinin uzadılması və ya mərhələli şəkildə həyata keçirilməsi – məsələn, Bakı şəhəri üçün bir tarix, regionlar üçün başqa bir tarix müəyyən edilməsi – daha effektiv nəticə verə bilər. Bu da sistemin həddindən artıq yüklənməsinin qarşısını alar.

 

Namizədlərin bir çoxu sənədləri yükləyərkən çətinliklərlə qarşılaşır. Belə ki, bəzi sənədlər PDF və JPG formatında təqdim olunmalıdır. Lakin bir çoxları bu formatları düzgün anlamır və ya sistemin tələb etdiyi ölçülərə uyğun sənəd yükləyə bilmir. Düzdür, bununla bağlı Elm və Təhsil Nazirliyinin təqdim etdiyi video və yazılı təlimatlar mövcuddur və müəllimlər bu təlimatlardan istifadə edə bilirlər.

 

Qeydiyyat zamanı daha səmərəli xidmət göstərilməsi üçün rabitə xətlərinin məşğul olmaması vacibdir. Eyni zamanda, çətbotların əlavə olunması və onların standart suallara cavab verməsi faydalı olar. Bundan əlavə, WhatsApp kanallarının yaradılması və burada tez-tez verilən sualların mütəmadi yenilənməsi müəllimlər üçün informasiya əlçatanlığını artırar.

 

Əlavə olaraq təklif edirəm ki, hər rayonun Təhsil sektorlarında və Regional Təhsil İdarələrində qeydiyyat xidmətləri təşkil olunsun. Bu, müəllimlərin rahat şəkildə qeydiyyatdan keçməsinə şərait yaradacaq".

 

Eyni zamanda ekspert qeyd edib ki, hazırda müəllimlərin işə qəbulu imtahanında şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə Təhsil Nazirliyi bir sıra mexanizmlər tətbiq edir:

 

 

"Azərbaycanda MİQ imtahanının qeydiyyat prosesi və imtahan mərhələsi tamamilə elektron formatda həyata keçirilir. Burada insan amili minimuma endirilib. Namizədlər şəxsi kabinetləri vasitəsilə sənədlərini yükləyir və imtahan tarixlərini izləyirlər. İmtahan kompüter vasitəsilə keçirilir və nəticələr avtomatik olaraq qiymətləndirilir.

 

İmtahan prosesində video müşahidə və nəzarət sistemi mövcuddur. Bütün imtahan zalları kameraların nəzarəti altındadır, proses real vaxtda izlənilir və şikayət daxil olduqda görüntülərə əsasən araşdırma aparılır. Bu, qeyri-qanuni halların və saxtakarlığın qarşısını almağa yönəlmiş mühüm addımdır.

 

İmtahan nəticələri şəffaf şəkildə elan olunur. Namizədlər öz nəticələrini şəxsi kabinet və rəsmi portal vasitəsilə görə bilirlər. Həmçinin uğur faizləri, keçid balları və digər statistik göstəricilər də ictimaiyyət üçün açıq olur. Nəticələrdən narazı qalan namizədlər apellyasiya müraciəti edə bilirlər. Apellyasiya komissiyası bu müraciətlərə obyektiv şəkildə baxır və bu proses namizədlərin hüquqlarını qorumağa xidmət edir.

 

Qeydiyyat zamanı mərkəzləşdirilmiş məlumat bazası ilə əlaqə təmin olunur və namizədin təqdim etdiyi diplom və digər sənədlər həmin bazada yoxlanılır. Sistem yalnız uyğun ixtisaslara müraciət etməyə icazə verir ki, bu da vakansiyalara daha düzgün yönləndirməni təmin edir.

 

Test tapşırıqları müxtəlif səviyyəli bilikləri ölçmək məqsədilə hazırlanır. Müxtəlif illərdə sualların təkrar istifadəsinin qarşısı maksimum şəkildə alınır. Tapşırıqlar müasir tədris proqramlarına uyğun tərtib olunur. Sual Bankı mütəmadi olaraq yenilənir. Təcrübəli müəllim və metodistlərdən ibarət ekspert qrupu əvvəlcədən sualları yoxlayır və uyğun olmayan tapşırıqlar imtahana daxil edilmir.

 

İmtahandan sonra müsahibə mərhələsi keçirilir. Bəzən müəllim yüksək bal toplaya bilər, lakin müsahibədə onun kompetensiyalara uyğun olmadığı müəyyən edilərsə, həmin namizədin müəllim kimi fəaliyyətinə icazə verilmir.

 

Prosesin bəzi mərhələlərində ictimai müşahidəçilər, media nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri və təhsil ekspertləri iştirak edə bilirlər. Müəllimlərin işə qəbulu prosesi ilə bağlı hər il ümumi hesabat təqdim olunur. Elm və Təhsil naziri Emin Əmrullayev də brifinqlər vasitəsilə ictimaiyyətə statistik məlumatlar və təhlillər təqdim edir.

 

Bütün bu qeyd olunanlar göstərir ki, MİQ imtahanı Azərbaycan təhsil sistemində ən nizamlı və rəqəmsallaşdırılmış proseslərdən biridir. Bununla belə, qeyd etdiyim kimi, imtahan zamanı texniki problemlərlə qarşılaşmaq mümkündür və bu istiqamətdə təkmilləşdirmələrə ehtiyac qala bilər".

 

Nigar Həsənzadə