Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır

Bölmə: Sosial › ,
Tarix: 20:49 23.05.2025

Avstraliya və İsveçdən olan beynəlxalq alimlər qrupu şizofreniya xəstələrinin beyinlərinin sağlam insanlara nisbətən daha tez qocaldığını və bunun qan testi ilə müəyyən edilə biləcəyini aşkar ediblər. Əsas amil isə protein NfL (neyrofilament yüngül protein) olub.

Tədqiqatçılar şizofreniya xəstələrində NfL səviyyələrini ölçüblər və onların sağlam insanlara nisbətən daha kəskin artdığını müəyyən ediblər ki, bu da beyin qocalmasının sürətlənməsini göstərir. Ancaq bipolyar pozğunluğu olan xəstələrdə bu nümunəyə rast gəlinməyib.

Şizofreniyada beyində ağ və boz maddənin deqradasiyası sürətlə baş verir və bu, normal yaşla bağlı dəyişikliklərdən daha ağır nəticələrə səbəb olur.

 

Bu məsələ ilə bağlı həkim Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, şizofreniyalı şəxslər adətən sosial fəaliyyətdən uzaq düşür və bu, onların psixoloji vəziyyətinə, eləcə də həyat keyfiyyətinə mənfi təsir göstərir:

 

"Şizofreniya səbəbi tam olaraq bilinməyən, lakin ciddi sosial və psixoloji nəticələrə səbəb olan bir psixi xəstəlikdir. Mütəxəssislər bu xəstəliyin yaranma səbəbləri ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürsələr də, indiyədək konkret səbəb müəyyən olunmayıb.

Xəstəliyin əsas xüsusiyyətlərindən biri xəstənin ətraf aləmi adekvat qavramaqda çətinlik çəkməsi və reaksiyalarının qeyri-adekvat olmasıdır. Ən xarakterik simptomlardan biri isə hallüsinasiya — yəni qarabasmaların müşahidə olunmasıdır. Həqiqi hallüsinasiya xəstənin sosial həyatından təcrid olunmasına səbəb olur və bu da onun ümumi həyat tərzini kökündən dəyişir.

Şizofreniyalı şəxslər adətən sosial fəaliyyətdən uzaq düşür, bu isə onların psixoloji vəziyyətinə və həyat keyfiyyətinə mənfi təsir göstərir. Müalicə prosesində istifadə olunan psixotrop dərmanlar isə sinir sistemində müəyyən dəyişikliklərə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, bu cür xəstəliklərin tədqiqi zamanı yalnız klinik müşahidələr deyil, həm də dərin elmi araşdırmalara ehtiyac var. Çünki bəzi dərman preparatlarının orqanizmdə uzunmüddətli təsirləri ciddi fəsadlara yol aça bilər.

Araşdırmaların hərtərəfli və dəqiq aparılması bu sahədə daha etibarlı nəticələrin əldə olunmasına zəmin yarada bilər".

 

Xədicə Məhərrəmli