Yuxusuzluğun insan psixologiyasına təsiri

Bölmə: Sosial › ,
Tarix: 20:17 24.05.2025

Yuxusuzluq insanın fiziki və zehni fəaliyyətini əhəmiyyətli dərəcədə təsir edir. Davamlı yuxusuzluq halları psixoloji pozuntulara səbəb ola bilər və gündəlik həyat keyfiyyətini aşağı sala bilər.

 


Mövzu ilə bağlı klinik psixoloq Xədicə Cəbrayılova "İnformator.az"a açıqlamsında bildirib ki, yuxusuzluq emosional tənzimləməni zəiflədir. Beynin duyğuları idarə edən hissəsi, yəni amigdala yuxusuz vəziyyətdə daha aktiv olur:

 

"Eyni zamanda, emosiyaları nəzarətdə saxlayan sahə daha az aktiv olur. Bu da insanın stresə, qəzəbə və qorxuya qarşı daha həssas olmasına, emosional reaktivliyin artmasına səbəb olur. Yəni yuxusuz insanlar gün ərzində daha tez əsəbləşir, həyəcanlanır və narahatlıq keçirirlər. Emosional dalğalanmalar artır. İnsan özünü bir gün normal, ertəsi gün isə həddindən artıq həssas və ya aqressiv hiss edə bilər. Sevinc, həyəcan kimi hisslər daha az hiss olunur, çünki yuxusuzluq beyində “mükafat sistemi”nin fəaliyyətini zəiflədir. İnsan sosial münasibətlərdə daha gərgin olur, ailə və iş mühitində konfliktlər arta bilər.
Xroniki yuxusuzluq bir sıra psixoloji pozuntularla sıx əlaqəlidir. Bunlardan birincisi depressiyadır. Yuxusuzluq həm depressiyanın simptomu, həm də səbəbi ola bilər. Bundan başqa təşviş pozuntuları, panik atak, OKB, yəni düşüncələri idarə etmək çətinliyi, travma, stress pozuntusu və s. buna nümunə ola bilər.
Yuxu çatışmazlığı bir çox problemlərə yol açır. Məsələn, riskli və düşünülməmiş qərarlar almaq ehtimalı artır, diqqəti uzun müddət cəmləmək çətinləşir, eyni zamanda problemləri anlamaq və planlamaq bacarığı azalır".

 

Billurə Quliyeva