Azyaşlı cinayətlər artır: Valideyn harada səhv edir?-Psixoloq AÇIQLAYIR

Tarix: 11:06 25.05.2025
Sosial şəbəkələrdə tez-tez qarşımıza çıxan azyaşlılar tərəfindən müxtəlif məkanlarda törədilən cinayətlər cəmiyyətdə, əsasən valideynlər arasında ciddi sosial narahatlığın yaranmasına səbəb oldu. Azyaşlılar arasında hələ uşaqlıqdan meydana çıxan cinayətlərin altında bir çox amillər dayanır. Bunlardan ən əsası psixoloji faktorlardır. Cəmiyyətlə yanaşı psixoloqlar da bu məsələyə ciddi yanaşır. Daxili gərginlik, ailədəki boşluqların, ətraf mühitdən gələn təsirlər və s ümumi psixoloji faktorlar sırasında olsa da cinayətə meyilliliyə istiqamətləndirən vəziyyətlər daha dərindir.
Bu barədə “İnformator.az”a danışan
"İNSPİRO" işçilər üçün psixoloji təlim proqramının yaradıcısı, psixoloq Aydan Məmmədovanın sözlərinə görə, soyuqqanlı və empati əksikliyi yaşayan şəxslər daha çox cinayətə meyilli ola bilir:
“İlk olaraq təməl psixoloji təsiri qeyd etmək istəyirəm. Təməl olaraq valideynlər bəzən övladlarına doğru şəkildə duyğu ötürə bilmir. Övladları həddindən çox duyğuya məruz qalır, ya da ümumiyyətlə bundan məhrum olur. Bununlada uşaq doğru şəkildə duyğunu dərk edə bilmir. İnsana xas hər bir hiss və duyğular olduğu kimi yaşanmalı və öyrənilməlidir. Əks halda uşaqlar soyuqqanlı, empati əksikliyi və ya daha çox empati duyğusuna sahib olurlar. Çünki onlar zərərçəkən şəxsin hansı hissləri keçirəcəyini dərk etmir və ya anlamaqda çətinlik çəkir. Sosial mühitin təsiri böyük olur. Əvvəla, biz fərd olaraq dünyaya gəlib, şəxsiyyət olaraq formalaşırıq. Şəxsiyyət olaraq formalaşdığımız dönəmdə sosial, psixoloji, bioloji (genetika) amillər özünü göstərir. Öz həmyaşıdlarının təsiri, ətrafda şahid olduğu hadisələr və ya cinayət hadisələri zamanı ətrafda gördüyü, eşitdiyi reaksiya və ifadələr və s azaşlılara təsir edə bilir. Məsələn: cinayət törədən şəxsin hörmət baxımdan yüksəldilməsi, bu davranışı doğru edib kimi qələmə verilməsi, "günah öləndədir" ifadəsi və s . Bəli çox üzücü haldır ki, nəticənin ardındakı səbəb araşdırılmır. Cinayət hadisələrinin paylaşılması və bununla kifayətlənməyib müzakirə obyekti edilməsi izləyən şəxsdə bəzi hislərə təkan vermiş olur. Bunlardan əlavə filmlərdə də bu halı görmələri mümkündür. İnsan bilmədiyi bir məsələni necə edə bilər"?
Psixoloqun sözlərinə görə, diqqət görmək istəyib görə bilməyən uşaqlarda çox vaxt davranış pozuntusu da özünü göstərir:
“Son bir neçə psixoloji səbəbləridə qeyd edim. Cinayət hallarına psixoloji travmaya məruz qalan və diqqətdən kənar qalan şəxslərdə də rastlaşmaq mümkündür. Məsələn: zorakılığa, cinsi istismara məruz şəxslər. Qeyd etmədiyim bir çox nüanslarda var. Əsas nəzərə çarpan isə bunlardır. Hər bir hadisənin ardında mütləq bir səbəb var. O səbəbi zamanında ortaya çıxartsaq doğru şəkildə istiqamətləndirə bilərik. Cinayət bir nəticədir. Burda günahkar, günahsız yoxdur. Əslində kənardan baxanda cinayətkar və zərərçəkən olaraq görülür. Mən isə psixoloji aspektdən yanaşdıqda deyərdim ki, hər ikisi də zərərçəkəndir”.
Azyaşlıların cinayətə meyilliliyinin artması və bu əməli törətməsi təkcə hüquqi məsuliyyət daşımır, eyni zamanda psixoloji məsələyə çevrilib. Valideyn və övladları arasında daim psixoloji fəaliyyətlər diqqətdə saxlanılmalı, psixoloq tərəfindən düzgün istiqamətləndirilməlidir.
Rafael Məcidov