Süni intellekt tramplinində təhsil: Dəyişən dövrün çağırışı

Tarix: 19:35 25.05.2025
Müasir dövrün texnoloji inqilabı “Süni intellekt” texnologiyalarının cəmiyyətin bütün sektorlarına xüsusilə təhsil sahəsinə geniş təsiri son dövrlər müzakirə obyektinə çevrilmişdir. ChatGPT, Google Gemini, Claude, Deepseek kimi dil modelləri artıq yalnız mətn yaratmaqla fəaliyyətlərini məhdudlaşdırmır, eyni zamanda kod yazır, diaqnostika aparır və yüksək səviyyədə elmi yazılar hazırlayır. Bu texnoloji sıçrayış bir tərəfdən təhsilin səmərəliliyini artırmaq kimi perspektiv imkanlar yaradırsa, digər tərəfdən gənclər arasında tənqidi düşünmə və yaradıcı yanaşma bacarıqlarının reqressiv fəaliyyətinə səbəb olur.
Yeni texnologiyalar onların informasiya əldə etmə, ünsiyyət qurma və öyrənmə üsullarını əsaslı şəkildə dəyişir. Tələbələrin AI alətlərindən “hazır informasiya deposu” kimi istifadə etməsi onların araşdırma, düşünmə və problemli situasiyalarda adekvat həll bacarıqlarının zəifləməsinə gətirib çıxara bilər. DeepLearning.ai-nin təsisçisi Andrew Ng qeyd edir ki, “Süni intellekt yeni elektrik enerjisi kimidir. Necə ki, elektrik bir çox sənayeni dəyişdirdi, süni intellekt də eyni təsiri göstərəcək.” Həqiqətən də bu fikir günümüzün reallığına çevrilərək dinamik inkişaf xətti ilə tendensiya halına almağa davam edir.
Newport Academy-nin 2024-cü ildə yayımladığı məqalədə qeyd olunur ki, yeniyetmələr süni intellektin təsiri ilə real dünya və virtual aləm arasında sərhədi itirir, bu da onların emosional və sosial inkişafına mənfi təsir göstərir. Süni intellektin artan təsiri yeniyetmələrdə təhsilin anlamı və məqsədi ilə bağlı narahatlıq doğurur. Şagirdlər tez-tez müəllimlərə belə suallar ünvanlayırlar: “Bu bacarığı mən real həyatda istifadə edəcəyəmmi?”, “Mənə inşa yazmağı niyə öyrədirsiniz?”. Bu suallar, əslində, gənclərin ənənəvi tədris modellərinə olan inamlarının sarsıldığını göstərir. Çünki onlar artıq gələcəklə bağlı düşünəndə süni intellektin varlığı ilə öz rollarını qarşılaşdırırlar. Təhsil işçiləri hesab edirlər ki, süni intellekt gənclərin yaradıcılıq qabiliyyətinə və özünə inamına mənfi təsir göstərə bilər. Onlar süni intellekt tətbiqlərinin nə qədər cəld rəsmlər və ya mətnlər yarada bildiyini gördükdə, həmin işləri özləri görmək üçün zaman və səy sərf etməyə daha az motivasiya hiss edə bilərlər. Bundan əlavə, özlərini mükəmməllik zindanına həbs edən şagirdlər əziyyətlə hazırladıqları işlərin süni intellektin saniyələr içində yaratdıqları ilə heç vaxt müqayisə edilə bilməyəcəyini düşünə bilərlər.
Bütün bunlarla yanaşı, süni intellekt tədris metodlarının fərdiləşdirilməsində mühüm rol oynayır. Adaptiv öyrənmə platformaları şagirdlərin bilik səviyyəsinə uyğun kontent təqdim edərək onların daha effektiv şəkildə irəliləməsinə şərait yaradır. Məsələn, “Khan Academy” kimi platformalarda AI şagirdin zəif tərəflərini aşkarlayaraq ona uyğun tədris strategiyası formalaşdırır.
Harvard Universiteti də süni intellektin təhsil sistemində istifadəsinin gələcək inkişafına diqqət yetirir. Harvard Təhsil Məktəbinin alimləri süni intellektin tədrisə inteqrasiyası üçün konkret istiqamətlər müəyyən edib. Onlar vurğulayırlar ki, AI tədris prosesində yalnız yeni alət kimi deyil, həm də müəllim və tələbələrin işini asanlaşdıran, fərdiləşdirilmiş öyrənmə imkanları yaradan vasitə kimi qiymətləndirilməlidir. Bu məqsədlə, təhsil proqramları süni intellektin verdiyi imkanlara uyğun yenilənməli, müəllimlər isə AI alətlərindən səmərəli və etik şəkildə istifadə etmək üçün lazımi təlim və dəstəklə təmin olunmalıdırlar. Eyni zamanda, tənqidi düşüncə və analitik bacarıqların qorunması əsas prioritet kimi qalır. Çünki AI mətn və məlumat yarada bilsə də, dərin anlayış və təbii bilik yerinə keçə bilməz.
UNESCO isə süni intellektin təhsil sahəsində potensialını imkan və məsuliyyət baxımından qiymətləndirir. Onlar bildirirlər ki, AI təhsil bərabərsizliyini azalda bilər, lakin bunun üçün şəffaflıq, etik prinsiplər və insan hüquqlarına hörmət mühüm əhəmiyyət daşıyır. UNESCO təklif edir ki, təhsil sistemləri yeni dövrün tələblərinə uyğun olaraq rəqəmsal savad, tənqidi düşüncə və adaptasiya bacarıqlarını inkişaf etdirsinlər. Bundan əlavə, müəllimlərin AI-nin tətbiqində aktiv rolu olmalı və onlara bu sahədə güclü təlimlər təqdim edilməlidir. UNESCO-nun 2021-ci ildə yaydığı hesabatda qeyd olunur ki, dünya üzrə məktəblərin əksəriyyəti bu texnologiyanın tədrisə inteqrasiyası üçün infrastruktur və metodoloji baxımdan yetərli deyil. Rəhbərliyə sahib təhsil müəssisələrinin yalnız 23 faizi AI vasitələrindən müntəzəm istifadə edir. Eyni zamanda, müəllimlərin təxminən 70 faizi bu texnologiyaları ya tanımır, ya da tədris prosesində təhlükə kimi dəyərləndirir.
2023-cü ildə aparılan beynəlxalq miqyaslı sorğular göstərdi ki, süni intellekt texnologiyalarının iş dünyasına sürətli inteqrasiyası ali təhsil alanlar və yeni məzunlar arasında qeyri-müəyyənlik hissini artırıb. Cengage Group-un eyni ildə dərc olunan hesabatına əsasən, ali məktəbi yeni bitirənlərin 46 faizi süni intellektin onların potensial iş imkanlarını təhdid etdiyini düşünür. Hətta bu tələbələrin 52 faizi universitet təhsilinin onları real iş həyatına hazırlamadığını hesab edir. Bu nəticələr gənclərin təhsilə yanaşmasının dəyişməsinə səbəb olur onlar artıq daha çox praktik və texnoloji bacarıqların vacibliyini vurğulayırlar. Bu narahatlıq yalnız tələbələrlə məhdudlaşmır. Gallup-un 2023-cü il sorğusuna əsasən, ABŞ-də işləyən insanlar arasında texnologiyanın iş yerlərini əvəz edəcəyindən narahat olanların sayı 2021-ci ildən bu yana 22 faiz artıb. Maraqlıdır ki, bu artım daha çox ali təhsilli işçilər arasında müşahidə olunub, bu isə süni intellektin bilik əsaslı peşələrə daha çox təsir etdiyini göstərir.
Achieve Partners təşkilatının 2022-ci ildə hazırladığı hesabatda göstərilir ki, süni intellekt dövründə uğurlu peşəkarlar təkcə öz sahələrində mütəxəssis olmaqla kifayətlənməməlidir; onlar həm də doğru suallar verməyi, verilən məlumatı qiymətləndirməyi və nəticələr çıxarmağı bacarmalıdır. Şirkətlərin 63 faizi süni intellekt texnologiyalarını effektiv şəkildə istifadə edən əməkdaşları daha çox ön plana çəkdiyini bildirir.
Beləliklə, süni intellekt təhsildə yeni imkanlar açsa da, onun məsuliyyətli və etik istifadəsi üçün düşünülmüş, balanslı və insan əsaslı yanaşma vacibdir. Tələbələrin və müəllimlərin narahatlıqlarını nəzərə alaraq, təhsil sistemi yalnız süni intellektlə işləməyi öyrətməməli, həm də düşünməyi, uyğunlaşmağı və daimi rotasiya prosesi yaşayan texnoloji inqilab dünyasında fəal və məsuliyyətli mövqe tutmağı təşviq etməlidir. Futurist və texnologiya etikası üzrə mütəxəssis Sinead Bovell-in qeyd etdiyi kimi “Biz smartfon dövrünü əldən verdik, gəlin bu dəfə eyni səhvi təkrarlamayaq.” Zənnimcə, insan təfəkkürünün yaradıcı fəzasının dolğunluğu, analitik təhlil və düşünmə qabiliyyəti kimi insana məxsus təbii konservativ meyarları “süniləşmiş beyinlərə” qurban verməməliyik.
Murad Nəcəfov