Mətbuatın 150 ili: Bir “Əkinçi”-nin hekayəsi

Tarix: 19:43 25.05.2025
“O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun”- M.Ə.Rəsulzadə
Bəzən edəcəyin iş üçün nə tərif axtararsan, nə də mükafat, sadəcə içində millət daşıdığın üçün edərsən. Çünki sən özünü yox xalqının, millətinin sabahını düşünərsən. Bəli, bu düşüncələr Həsən bəy Zərdabinin ideyalarını əks etdirir. O “Əkinçi” qəzetini nə alqış üçün, nə də tanınmaq üçün etmişdi. Onun son vəsiyyəti belə “Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin, mənim dəfnim üçün ayıracağınız vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin” olmuşdu. 22 iyul 1875-ci il təkcə “Əkinçi” nin yaranması kimi yox, həm də millətin boğulmuş səsinin yüksəlişi kimi tarixə düşdü. “Əkinçi” qurumuş düşüncə torpaqlarına ilk dirilik suyunu səpdi. Həmin gün 150 illik milli mətbuatın əsası qoyuldu. Zərdabinin də dediyi kimi qəzetin muradı xalqa ayna olmaqdır, lakin senzuranın sərt küləkləri arasında aynanı təmiz və şəffaf saxlamaq, sanki toz içində həqiqətin işığını tapmaq qədər müşkül məsələ olurdu.
Milli mətbuatın əsası “Əkinçi” dən başlasa da ziyalılarımızın Tiflisdəki fəaliyyətləri onların hər zaman milli mətbu orqan yaratmaq istəklərindən xəbər verib. Bu şərəfli yolu keçən mətbuatımızın bünövrəsində Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsa Sultan Şahtaxtlı, Əlimərdan bəy Topçubaşov kimi maarifpərvər ziyalılarımız dayanmışdır. “Tiflisski vedmosti”, “Zaqafqazski vestnik” daha sonralar “Qafqazın bu tərəfinin xəbəri” adlanan qəzetlərlə əməkdaşlıq milli mətbuatımızın yaranması üçün əsas amilə çevrilmişdir. “Əkinçi” təkcə qəzet olmadı, o, korlaşan baxışlara görən göz, lal qalmış səssizliyə çağırış oldu. Gələcəyə gedən yolun başlanğıcıdır “Əkinçi”, elə bir yol ki, onun timsalında “Ziya”, “Kəşkül”, “Kaspi”, “Həyat”, “Füyuzat”, “İrşad” qəzetləri yarandı. 20-ci əsrin əvvəllərində “Molla Nəsrəddin” in tənqidi gülüşləri, “türkləşmək, islamlaşmaq, avropalaşmaq” ideyası ilə bağıran “Füyuzat”ın səsi eşidilirdi. Əli bəy Hüseynzadənin formalaşdırmış olduğu bu ideya 1915-cı ildə Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yaratmış olduğu “Açıq söz” qəzeti ilə həyata keçdi. Rəsulzadə Azərbaycanın müstəqilliyi ilə yanaşı, onun mətbuatının inkişafında da misilsiz rol oynamışdır. O, “Mətbuat azadlığı” məqaləsində yazırdı ki, “Hər ölkənin mədəniyyətinin inkişafı ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır”. Cümhuriyyətin istiqlal günəşi Azərbaycan üzərində doğanda bu günəşi əbədiləşdirəcək mətbu orqana ehtiyac vardı. Hər səhifəsi istiqlal qoxan “Azərbaycan” qəzeti məhz bu ehtiyacdan doğdu. Bu qəzet Cümhuriyyətin döyünən ürəyi oldu. Çox keçməmiş Azərbaycan mətbuatı artıq xalqın yox, siyasi rejimin səsi olmuşdu. Sovet ideologiyasının pərdələri insanların gözləri önünə asılmışdı. Ancaq bunlar ürəkləri azadlıq ilə döyünən xalqımızı susdurmamışdı. Bəzən çəkilən sərhəd fikri daha da uzaqlara aparır. Bəli, Azərbaycan mətbuatı şərəfli və bir o qədər də keşməkeşli yol keçib. Tarix şahiddir ki, xalqımız heç zaman azadlığını səssizliyə düşərək əldən verməyib, sərhədləri aşıb və itaəti dirənişə çevirib.
Azərbaycan üçün azad mətbuat Sovet Respublikasının süqut etdiyi gündən başladı. Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi isə mətbuatımızın dönüş nöqtəsi kimi tarixə düşdü. Məhz bu tarixdən sonra jurnalistlərə dövlət qayğısı artmağa başladı. Heydər Əliyev jurnalist əməyini “qeyri-adi” əmək adlandırır və yüksək qiymətləndirirdi. 1998-ci ildə senzuranın ləğv olunması ilə mətbuat üzərindəki görünməz kölgə aradan qalxdı. Konstitusiyamızda yer alan söz və fikir azadlığı ilə bağlı maddələr Azərbaycan dövlətinin mətbuata, insan fikrinə hörmətlə yanaşdığının göstəricisidir. Bu gün Ümummilli lider Heydər Əliyevin mətbuata olan dövlət qayğısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Ölkə başçısı İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğını hər zaman hiss etmək mümkündür. Hər il “Şuşa Qlobal Media Forumunun” keçirilməsi, medianın inkişafı ilə bağlı regionlarda təlimlərin baş tutması buna əyani sübutdur. “Əkinçi” öz işığını söndürməyib və bu işığın davam etməsi dövlətin, xalqın milli ruha nə qədər bağlı olduğundan asılıdır. Prezident İlham Əliyevin 25 aprel 2025-ci il tarixli Sərəncamı təkcə Azərbaycanın milli mətbuatının yaranmasının 150 illik yubileyinə həsr olunan formal xarakterli sənəd deyil, bu sözə verilən dəyərin möhürüdür. Əminliklə demək olar ki, Prezidentin 44 günlük “Vətən müharibəsi” zamanı xarici media nümayəndələrinə verdiyi müsahibələr medianın informasiya cəbhəsində güclü bir silah olduğunu bir daha göstərdi, jurnalistlərə xarici təhditlərə və dezinformasiyalara qarşı əzmlə davranmağı öyrətdi. Müharibə zamanı media misilsiz rol oynadı. Cəbhədə əsgərlər, mediada isə jurnalistlər cəbhə yaratdı.
Jurnalistika yalnız bir peşə deyil, o, həyatın özüdür. Ənənəvidən rəqəmsala keçid edən jurnalistika özü ilə bərabər yeni baxışlar, çeviklik, mediaya yeni nəfəs gətirdi. Bu gün jurnalistika sanki sürət zolağında irəliləyir, xəbər vermək yox, xəbər çatdırmaq əsas amala çevrilib. İnsanlar düşünmək əvəzinə, gördüklərini düşünmədən qəbul edir. Bəs belə bir dövrdə həqiqət hələ də öz yerindədirmi, yoxsa o da düşüncələr arasında gizlənib?
Vaxtı ilə bir qəzet yaratmaq müşkül məsələ idi, indi isə bir kliklə yüzlərlə qəzetin səsini dünyaya çatdırmaq mümkündür. Bugünki informasiya əsrində belə mətbuatın ilk cücərtisi “Əkinçi”-nin ideyaları yaşamağa davam edir. Dəyişən sadəcə zamandır. Bir vaxtlar hər kəs bir parça xəbərə möhtac idi, onu əldə etmək üçün min bir yol qət edirdi, bu gün isə şəhərin hər küncündə köşklərdə, satış stendlərində qəzetlər öz oxucusunun yolunu gözləyir. Maraqlısı budur ki, hər şey əlçatan olduqca sanki onun dəyəri də azalır. İnsanı düşündürən də budur: sözmü əvvəlki dəyərini itirib, yoxsa zamanın sürətinə çatmaqda qəzetlərmi yorulub? Bəlkə də hamımız artıq sehrli nağıllardakı uçan xalçaların, uçan maşınlara çevrilməsini qəbul etməliyik.
Nuranə Quliyeva