Sosial media və gənclərin psixologiyası: Asılılıq, özünə inam və kiberzorakılıq

Tarix: 00:27 26.05.2025
Gənclər arasında sosial medianın təsir gücü getdikcə artır. İnformasiya almaq, əylənmək və ünsiyyət qurmaq məqsədi ilə istifadə edilən sosial şəbəkələr bəzən psixoloji fəsadlara da yol açır. Sosial media asılılığı, özünə inamın itməsi və kiberzorakılıq kimi hallar gənclərin psixi sağlamlığı üçün ciddi təhlükəyə çevrilir.
Mövzu ilə bağlı “İnformator.az” adanışan psixoloq Aytən Ələkbərova sosial medianın gənclərin psixikasına təsirlərini təhlil edib və çıxış yollarını təklif edib:
“Bəzən düşünürük ki, nə qədər çox informasiya varsa, bir o qədər ağıllıyıq. Əslində isə bu, tam əksinədir. İnformasiyanı analiz etmədən, dərk etmədən qəbul etmək beynin tənbəlləşməsinə və düşüncənin zəifləməsinə səbəb olur. Gənclər özlərini tanımaq əvəzinə, sosial mediada gördükləri obrazlara uyğunlaşmağa çalışırlar. Bu isə özünə inamın və şəxsiyyətin parçalanmasına gətirib çıxarır,” – deyə psixoloq bildirir.
Kiberzorakılığın qarşısını necə almaq olar?
Aytən Ələkbərova qeyd edir ki, sosial medianın yaratdığı psixoloji zorakılıq halları təkcə fərdi travmalar deyil, həm də cəmiyyət üçün təhlükəli tendensiyalar formalaşdırır:
“Zorakılıqla mübarizə aparmaq üçün gənclərin düşüncə inkişafına yönəlmiş addımlar atılmalıdır. Bunun yolu yalnız mütaliə deyil – ailə daxili münasibətlər, nənə-baba ilə ünsiyyət, emosional zəka və sosial bacarıqların inkişafı önəmlidir. Gənc öz ailəsi ilə danışa bilmirsə, məktəbdə sadəcə əzbərləməklə dərs keçirsə, o, qarşısına çıxan problemlərlə baş etməyi öyrənmir.”
Sosial media asılılığı – Gələcəyin təhlükəsi
Psixoloq bildirir ki, hazırda sosial media asılılığı səbəbilə psixoloji problemlərlə müraciət edən gənclərin sayı xeyli artıb:
“Gənclər arasında antidepresant istifadəsi artır. Əllərində əsə, panik atak, travma sonrası stres pozuntusu olan çox sayda gənc var. Bu asılılıq onların ailə qurma, ünsiyyət qurma və empati hissinə ciddi zərbə vurur. Gənclər qaynana-qayınata obrazlarını həyatlarından silmək istəyirlər. Çünki münasibət qura bilmirlər.”
Təklif: Təhsil sistemindən başlayaq
Aytən Ələkbərova sosial media probleminin kökündə təhsil sistemindəki boşluqları da görür:
“Bugünkü təhsil sadəcə summativlərə yönəlib. Əzbər və nəticə əsaslı yanaşma gənclərin müstəqil düşüncə və ifadə bacarığını sıradan çıxarır. Uşaqlar rollu oyunlardan, debat və müzakirələrdən uzaq qaldıqca, sosial bacarıqlardan məhrum olurlar. Valideyn və müəllim birlikdə çalışsa, nəticə fərqli olar.”
Sonda psixoloq əlavə edir ki, bu problemlərin qarşısını almaq üçün fərdi səviyyədə təşəbbüslərlə yanaşı, sistemli dəyişikliyə ehtiyac var. Sosial medianın idarə olunması öyrədilmədikcə, bu platformalar faydadan çox zərər gətirəcək.
Solmaz Muradova