Qaranlığa qərq olan oxu mədəniyyəti

Bölmə: Sosial › ,
Tarix: 12:51 26.05.2025

İlk yazının yaranması və inkişafı oxu mədəniyyətini meydana gətirdi. Oxu mədəniyyəti min illər boyu inkişaf edərək formalaşıb. Qədim və orta əsrlərdə insanlarda oxumağa erkən yaşlarından başlayıb və mühüm bacarıqlardan biri sayılıb.

İohann Qutenberqin çap maşınını ixtira etməsi dövrün oxu mədəniyyətində inqilab yaratdı. Artıq əvvəlki illərə nisbətən kitabların çapı sürətlənərək nüsxə sayları artdı. Tezliklə oxu bacarığı cəmiyyətin müxtəlif təbəqələri arasında yayıldı. Oxuma mədəniyyətinin inkişafı maarifçilik prosesinə təkan verdi. Nəticədə cəmiyyətin savadlılıq dərəcəsi artdı.
Modern dünyada kitabların sayı hesabı yoxdur. Kitab oxuma mədəniyyəti özünü qədim dövrdən başlayaraq müasir dövrə qədər gəlib çatmağı qorusa da görürük ki, oxuma bacarığı azalıb və əvvəlki dövrlərə nisbətən oxuma mədənyyətinə dəyər verən yoxdu. Gənc nəslin əksəriyyəti kitab oxumaqdan üz döndərib. Səbəblər isə çoxşaxəlidir.
Müasir dövr rəqəmsallaşma dövrüdür. Artıq zaman və məkan tanımadan hər şeyi əldə edə bilirik. Müasir standartlara uyğunlaşan texnologiya bizə hər şeyi gətirir. Amma bizdən çox şeyi alır. Keçmişə nəzər yetirsək görərik ki, əvvəlki nəsil kitabı yüksək qiymətləndirirdi. Demək olar, hər evdə saysız maarifləndirici kitab görmək mümkün idi. İndi isə kitabların elektron forması mövcuddur. Gənclərin əlində kitab əvəzinə onun yeni forması elektron formatı var. 70-80%- gənc ənənəvi kitab oxuma mədəniyyətindən uzaqdır. Bu bir çox fəsadlara yol açır. Gənclər arasında oxuma bacarığı azalır, ünsiyyət və psixologiyalarında problemlər ortaya çıxır və zamanla özünə qapanan, cəmiyyətdən uzaqlaşan gənc yaranır.
Kitab oxuma bacarıqlarının itməsinə bir çox amillər səbəb olur. Rəqəmsal dövrdə əksər proseslər texnologiya üzərindən gedir. Sosial media və smartfonlara bağlı olanlar analitik oxu bacarığından məhrum olmağa doğru gedirlər. Sosial şəbəkə və internetdə əksər yazılar qısa olur. Çünki indiki dövrdə uzun yazıları oxumağa gənclərin nə səbri, nə də zamanı var. Nəticədə uzun yazı oxuma mədəniyyəti tədricən aradan itir.
Gənclər arasında motivasiya zəifliyi var. Onlar mümkün qədər bir-birilərinə kitab oxuma vərdişlərini təbliğ etməli, aralarında oxuma bacarığını inkişaf etdirən fəaliyyətlər görməlidirlər.
Sözsüz ki, kitab yazarlarının rolu danılmazdır. Bəzən görürük ki, oxucu kitabı sona çatdıra bilmir. Çünki əsər maraqsızdır. Buna səbəb yazıçı oxucu arasında düzgün körpü qura bilməyib. Ya fikirlərini tam ifadə etməyib, ya da sıxıcı mövzu təqdim edib. Azərbaycan klassik və müasir ədəbiyyatı, həmçinin xarici ədəbiyyatda məşhurluğunu hələ də qoruyan yazarlar mövcuddur. Onların yazdıqları əsər və kitablar aktuallığnı qoruyur və gənc oxucuları həvəsləndirir. Nizami Gəncəvi, Abdulla Şaiq, Mirzə Fətəli Axundzadə, Firudin bəy Köçərli, İsmayıl Şıxlı, Səməd Vurğun, Cəfər Cabbarlı, Rəsul Rza, xarici ədəbiyyatdan Lev Tolstoy, Anton Çexov, Nikolay Qoqol, İvan Turgenyev, Uilyam Şekspir, Mark Tven və s kimi görkəmli yazıçıların kitabları müasir dövrdə yüksək qiymətləndirir və daha çox oxucu kütləsinə sahibdir.
Sosial mühitin də rolu böyükdür. Bəzən elə olur ki, kitabxana qıtlığı, lazım olan kitabın tapılmaması və ya nəşrə buraxılmaması gəncləri oxumaqdan uzaqlaşdırır.
Oxu mədəniyyətinin müasir dövrdə yetişməsi üçün daim oxu fəaliyyətləri təşkil edilməli, cəmiyyəti xüsusən də gəncləri cəlb edəcək tədbirlər keçirilməli, maraqlı kitablar yazmalı və oxucu kütləsi yığılmalıdır.

Rafael Məcidov