"Cinayətə meyillilik anadangəlmə deyil"

Bölmə: Sosial › ,
Tarix: 18:45 26.05.2025

Müasir cəmiyyətin qarşısında duran ən ciddi problemlərdən biri də cinayət hallarının artması və onun səbəblərinin düzgün anlaşılmasıdır. İnsanların cinayətə meyilli olmasının səbəblərini uzun illərdir psixoloq və sosioloqlar araşdırır. 

 

 

Məsələ ilə bağlı "İnformator.az" saytına açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirib ki, uşaqlıqda yaşanan travmalar, zorakılıq və diqqətsizlik insan psixikasında elə izlər buraxır ki, bu, gələcəkdə cinayət davranışına səbəb ola bilər:

 

"Emosional, fiziki və ya cinsi zorakılıq, valideyn itkisi, etinasızlıq və sevgi çatışmazlığı kimi travmalar uşağın özünə münasibətini mənfi formalaşdırır. Bu cür uşaqlar empatiya hissindən uzaq, aqressiv və nəzarətsiz davranışlara meyilli olurlar. Uşaqlıqda zorakılıq mühitində böyüyənlərdə təhlükəsizlik duyğusu pozulur. Bəziləri qorxaq və içəqapanıq olur, digərləri isə destruktiv davranışlarla diqqət çəkməyə çalışır.

 

Belə bir şəraitdə formalaşan gənclər bəzən cinayəti özünüifadə forması kimi qəbul edir və cəmiyyətə qarşı etimadlarını itirirlər. Valideyn nəzarətinin zəif olması uşağın sosial və hüquqi sərhədləri anlamadan böyüməsinə gətirib çıxarır. Uşaq hansı davranışların qəbul olunmaz olduğunu bilmədən nəzarətsiz və neqativ mühitlərin, cinayətkar qrupların və mənfi təsirli dostların təsirinə düşə bilər. Bu səbəbdən uşaqların psixoloji sağlamlığına erkən yaşlardan diqqət göstərmək, onları sevgi, nəzarət və düzgün yönləndirmə ilə təmin etmək olduqca vacibdir”.

 

Ayan Əsgərova