Virtual dostluq nədir və xüsusiyyətləri -ARAŞDIRMA

Tarix: 19:30 26.05.2025
Müasir dövrdə internet və sosial şəbəkələrin geniş yayılması insanların ünsiyyət tərzində ciddi dəyişikliklərə səbəb olub. Artıq bir çox insan ünsiyyətin əsas formasını virtual əlaqələr vasitəsilə qurur.
Texnologiyanın inkişafı ilə insanlar arasında ünsiyyət forması xeyli dəyişib. Xüsusilə sosial media platformaları — Facebook, Instagram, WhatsApp, TikTok və digərləri — insanlara dünyanın istənilən yerindən yeni kommunikasiya əlaqələri qurmaq imkanı yaradır. Lakin bu rahatlıq bəzi problemləri də özü ilə gətirir: real ünsiyyətin azalması, insan münasibətlərində səmimiyyətin zəifləməsi və sosial təcrid kimi problemlər günümüzün ən vacib problemlərindən hesab olunur. Virtual dostluq fiziki məkan və zamandan asılı olmadan ünsiyyətə imkan yaratsa da, insanların bir-birinə qarşı münasibətlərini yadlaşdırır. Mesajlaşma, videozəng və sosial şəbəkələr vasitəsilə insanlar daim əlaqədə ola bilirlər.
İctimaiyyət virtual aləmdə özlərini daha rahat ifadə edə və müəyyən mövzularda açıq danışa bilir. Bəzən bu, özünə inamı az olan şəxslər üçün bir fürsət kimi qiymətləndirilir. Virtual münasibətlərdə emosional məsafə daha böyük olur. Bu isə əlaqələrin səthiliyi və qeyri-sabitliyinə səbəb ola bilər.
Canlı ünsiyyətdə olan bədən dili, jestlər və emosional reaksiya virtual ünsiyyətdə tam olaraq qarşı tərəfə ötürülə bilmir. Bu isə insanlar arasında anlaşılmazlıq və soyuqluq yaradır. Hansı ki, bu soyuqluq nəticəsində real cəmiyyətdə münasibətlər kəskin şəkildə azalmaqdadır. Artıq insanlar öz alış-veriş, təhsil, hətta səhiyyə problemlərini belə internet üzərindən həll edir və məmnun qalırlar. Eyni ilə artıq dostluq, tanışlıq münasibətləri də bu formada, yəni sosial şəbəkələrdə, virtual oyunlar vasitəsilə qurulur. Bu proseslər isə insanlararası münasibətlərə bir qədər kölgə salmış olur.
Belə ki, real həyatda az ünsiyyət quran insanlar sosial bacarıqlarını inkişaf etdirməkdə çətinlik çəkir. Uşaqlar və yeniyetmələr üçün bu məqam daha çox təhlükəli hesab olunur. Daim onlayn olmaq hissi onları real görüşlərdən uzaqlaşdırır. Uzun müddət real təmasın olmaması, uşaqlarda depressiya və tənhalığa səbəb olur.
Günümüzdə virtual dostluq müasir həyatın bir hissəsinə çevrilib və tamamilə mənfi qiymətləndirilə bilməz. Lakin bu tip ünsiyyət real əlaqələrin yerini tam tuta bilmir. İnsan sosial varlıq hesab olunur və canlı ünsiyyət onun emosional və psixoloji sağlamlığı üçün vacib haldır. Buna görə də texnologiyanın imkanlarından düzgün istifadə etməklə sosial balansı qorumaq ən mühüm məsələdir.
Mətin Ələsgərov,
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi