Bakıda velosiped yolları genişlənir-ŞƏRH

Bölmə: Sosial › ,
Tarix: 21:06 26.05.2025

Son illərdə Bakıda velosiped sürənlərin sayı artmaqdadır. Bu, həm sağlam həyat tərzinin təbliği, həm də alternativ nəqliyyat vasitəsinə marağın yüksəlməsi ilə bağlıdır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində davamlı mikromobillik zolağı təşkil edir:

 

"Kəsintisiz mikrobibillik zolağının təşkili üçün mərhələli qaydada paytaxtın küçə və prospektlərdə salınan velosiped yolları bir-biri ilə əlaqələndirilir. Son belə işlər Bəxtiyar Vahabzadə, Məmməd Rahim küçələri və Hüseyn Cavid prospektində görülüb və daha əvvəl təşkil edilən Mətbuat prospektindəki mikromobillik zolağı ilə birləşdirilib. Beləliklə dairəvi hərəkət imkanı yaradılıb. Metronun “Elmlər Akademiyası” stansiyası ətrafındakı mikromobillik şəbəkəsinin şəhərin mərkəzi hissəsindəki şəbəkə ilə əlaqələndirilməsi planlaşdırılır. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb. İstifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə işıqforlarda velosiped bölmələri yaradılır. Mikromobilliklə bağlı təhlillər aparılır, əsas cəlbetmə məntəqələri, insanların gündəlik olaraq ən çox səfər etdiyi ərazilər müəyyənləşdirilir. Həmin ərazilərdə mikromobillik vasitələri üçün parklanma yerləri təyin olunur. Hazırda paytaxtda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib. Tələbat artdıqca parklanma məntəqələrinin sayı artırılır. Bu il ərzində mikromobillik vasitələrindən 675 min 888 dəfə istifadə olunub. Bu müddətdə 1 milyon 895 min km-ə yaxın məsafə qət edilib.Əhali arasında velosiped və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, mikromobillik zolaqları şəbəkəsi genişləndirilir. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir".


Qəmər Kazımzadə