Musiqinin beyində yaratdığı hisslər

Tarix: 22:14 26.05.2025
Musiqi insanların zehni və emosional dünyasını təsir edən ən güclü sənət formalarından biridir. Dinlədiyimiz musiqi beynimizdə müxtəlif duyğuların yaranmasına səbəb olur. Bu prosesdə dopamin və serotonin kimi neyrotransmitterlər ifraz olunur, nəticədə əhval-ruhiyyəmiz dəyişir, yaddaşımız güclənir və hətta yaradıcılıq qabiliyyətimiz inkişaf edir.
Mövzu ilə bağlı psixoloq Aydan Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, musiqi dinləmək insanın beynində bəzi sahələri aktivləşdirir və bununla da insanlar özlərini yaxşı və fərah hiss edirlər:
"Musiqi dinlədiyimiz zaman bizdə dopamin və serotonin hormonu, eyni zamanda neyrotransmitterlər də ifraz olunur. Musiqi dinlədiyimiz zaman beyində bir neçə sahə aktivləşir. Bunlardan biri də amigdaladır. Amigdala ümumiyyətlə bizim emosiyalarımızın, duyğularımızın yaranmasında və işlənməsində özünü göstərir. Hipokampus isə yaddaşımızın formalaşmasında kömək edir. Bundan əlavə, nukleus akumbens sahəsi vardır ki, bu da mükafatlandırma hissini bizdə yaşadır. Ümumiyyətlə, belə proseslər zamanı əhval-ruhiyyəmiz yüksəlir və özümüzü daha sevincli hiss edirik. Beynimizdə baş verən proseslər bioloji tərəfdən də özünü büruzə verir. Həmçinin, bu cür hisslərin yaranması stressin, gərginliyin azalmasına səbəb olur.
Musiqi dinləmək insanda qeyd etdiyim kimi müsbət hisslərin yaranmasına, emosiyalarımızı, duyğularımızı, hisslərimizi balanslaşdırmaqda kömək edir. Daha sakit, ruha təsir edən musiqilərə qulaq asdıqda insanın ruhu canlanırsa, bu çox gözəl bir şeydir. Sanki insanın ruhu bu musiqilərin sədaları altında rəqs edir və bunu hiss etmək tam ayrı bir duyğudur. Beynimizdə yaranan hisslərdən fərqli olaraq, ürək döyüntülərimiz də artır. Çünki bu zaman biz aktiv oluruq, bununla da ürək döyüntülərimiz, qan dövranımız, hətta tənəffüsümüz belə aktivləşir. Psixologiyada belə bir şey mümkündür ki, tənəffüsümüz yaxşı olduğu zaman özümüzü daha fərah və rifah hiss edirik. Həmçinin, musiqi insanda əvvəlki xatirələri də oyadır".
Ekspert musiqi terapiyasının prinsiplərindən də söz açıb:
"Musiqi insanı emosional olaraq da, fiziki olaraq da, psixoloji olaraq da yaxşı edir. Hətta biz psixologiyada musiqi terapiyasından da istifadə edirik. Çünki insan musiqi dinləyən zaman bir çox hormonları ifraz edir və bu da əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, stress azalır, beynimizdə rahatlaşma baş verir. Terapiyada hər kəsin fərdi musiqi seçimi olur. Hər kəsin öz ruhuna aid bir musiqisi olur və insanlar onunla da rahatlayırlar".
Nəzrin Məmmədova