Kriptomneziya: Başqasının fikrini öz fikrin kimi xatırlamaq fenomeni

Bölmə: Sosial › ,
Tarix: 21:58 26.05.2025

Kriptomneziya — insanın keçmişdə eşitdiyi, oxuduğu və ya gördüyü bir fikri öz yaddaşından çıxmış kimi qəbul etməsidir. Bu zaman insan başqasına məxsus fikri qeyri-ixtiyari şəkildə öz ideyası kimi təqdim edir. Plagiatdan fərqli olaraq, bu hal şüursuz şəkildə baş verir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Fatimə Hacıyeva bildirib ki, bu, hazırda gündəlik həyatımızda tez-tez rast gəlinən mürəkkəb bir fenomendir:

 

“Kriptomneziya tələbələr, çıxışçılar, müəlliflər, yazarlar, şairlər və müğənnilər arasında geniş yayılmış haldır. Bu məsələ bəzi hallarda insanlar arasında mübahisə və qalmaqallara səbəb olur. Mövzu həm fərdi, həm də ictimai baxımdan əhəmiyyətlidir.

 

İnsan keçmişdə eşitdiyi bir fikri öz ideyası kimi təqdim edə bilər. Bu hal həm təhlükəli sayılır, həm də müəyyən mənada təbii bir prosesdir. Yorğunluq və zehni yüklənmə zamanı insanın yaddaşı qarışır və başqalarına məxsus fikirləri özünə aid hesab edir. Bunu yaradıcılığın bir hissəsi kimi də qiymətləndirmək olar.

 

Kriptomneziya yaddaşla yaradıcılığın qarşılıqlı əlaqəsi kimi izah edilir. İnsan beyni müxtəlif informasiyaları toplayır, öyrənir, eşidir və emal edir. Zaman keçdikcə bu informasiyalar insanın öz düşüncəsi kimi formalaşa bilər. Bu zaman ideyanın həqiqətən kimə aid olduğunu ayırd etmək çətinləşir. Bu da yaradıcılığa mənfi təsir göstərə bilər.

 

Məsələn, auditoriyada bir müəllim daha əvvəl oxuduğu bir kitaba əsaslanan fikri səsləndirir və onu özünə aid edir. Ancaq tələbələrdən biri, məsələn, Freyd oxuyan bir tələbə həmin fikrin psixomatikaya dair olduğunu və Freydə aid olduğunu anlayır. Müəllim bu fikri o qədər mənimsəyib və öz fikri kimi təqdim edir ki, həm özü, həm də auditoriya onun müəllifliyinə inanır. Bu, yaradıcılıq üçün ciddi təhlükə yaradır".

 

Psixoloq əlavə edib ki, bu hal bir növ yaddaşın insanla oynadığı oyundur:

 

“Burada məqsəd oğurluq və ya kiminsə fikrini qəsdən mənimsəmək deyil, bu, yaddaşın insana yaşatdığı çaşqınlıqdır. Bununla yanaşı, bu hal insanların orijinal düşüncə bacarığını da zəiflədir. Fikirlər təkrarlandıqca yenilik effekti itir və nəticədə müxtəlif mənbələrdən toplanmış, lakin orijinal olmayan bir kolaj yaranır. Bu isə özünü təkrarlama, intellektual tənbəllik və tənqidi düşüncənin zəifləməsinə səbəb olur.

 

Kriptomneziyanı plagiatla qarışdırmaq olmaz. Əgər insan bu fikirləri bilərəkdən mənimsəməyibsə və onları başqasından eşitdiyini xatırlamırsa, o zaman bu hal etik baxımdan oğurluq hesab edilə bilməz. Məsələyə yanaşarkən əsas diqqət niyyətə verilməlidir. Əgər şəxs bu fikrin əvvəllər oxuduğu nəzəriyyəyə əsaslandığını bilə-bilə onu özünə aid edirsə, bu artıq fərqli haldır.

 

Bu vəziyyətlə mübarizə aparmaq üçün qeydlər aparmaq, fikirlərin mənbəyini izləmək və tənqidi düşüncə tətbiq etmək vacibdir. Hər bir insan fikrin haradan gəldiyini özü üçün sorğulamalıdır: bu, doğrudan da mənim orijinal fikrimdir, yoxsa hansısa təsirin nəticəsidir?

 

Nəticə etibarilə, kriptomneziya nə plagiatla eynidir, nə də tamamilə zərərsiz bir haldır. Bu, insan beyninin informasiyanı emal etməsinin spesifik bir nəticəsidir. Burada əsas məsələ niyyət və şüurlu yanaşmadır: insan bunu bilərəkdən edirmi, yoxsa yaddaşında yaranan qarışıqlığın nəticəsidir?”

 

Nigar Həsənzadə