E-idmana maraq və ona cəmiyyətin baxışı, yeni sahə kimi şəxsi inkişafda rolu

Bölmə: Sosial › ,
Tarix: 12:02 27.05.2025

 

Müasir dövrdə texnologiyanın sürətli inkişafı bir çox yeni sahələrin yaranmasına və populyarlaşmasına səbəb olub. Bu sahələrdən biri də elektron idman, yəni e-idmandır. E-idman artıq təkcə əyləncə vasitəsi deyil, həm də peşəkar fəaliyyət növü və gəlir mənbəyi kimi qəbul edilir. Dünyanın bir çox ölkəsində məktəblər və universitetlər e-idmanı tədris proqramlarına daxil edir, xüsusi komandalar və turnirlər təşkil olunur. Lakin bu sahənin təhsilə təsiri barədə cəmiyyətdə birmənalı fikir yoxdur.

 

Mövzu ilə bağlı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev "İnformator.az"-a bildirib ki, yeniliklər hər zaman özünü isbat edənə qədər cəmiyyət tərəfindən şübhəli qarşılanıb:

 

 

“Faydalı və faydasız olduğunu isə, real təcrübədə görə biləcəyik. Gəlin hərtərəfli və geniş perspektivlərdən baxaq.

Valideynlər və müəllimlər uşaqların həyatında nəzarət edən və yön verən əsas iştirakçılardır. Onların e-idmana olan münasibəti bu sahənin təhsildə və şəxsi inkişafda həlledici rol oynayır.

Müsbət münasibət aşağıdakı nəticələrə səbəb ola bilər:

E-idman vasitəsilə texnoloji və analitik bacarıqlara sahib gənclərin STEM fənlərinə marağı arta bilər (məsələn, proqramlaşdırma, kompüter elmləri).

Strateji düşüncə, qərarvermə sürəti və qrup içində işləmək kimi bacarıqlar inkişaf edə bilər”.

 

 

 

Ekspert qeyd edir ki,  Universitetlərdə e-idman klubları və turnirlər, hətta təqaüd imkanları yaradılır:

 

“Misal olaraq qeyd etmək olar ki, Amerikanın Northwood University, Rochester Institute of Technology, İngiltərənin University of Warwick kimi təhsil müəssisələrində peşəkar e-idman oyun komandaları mövcuddur. Hətta bəzi oyunçular kifayət qədər adla tanınırlar. Necə ki, ənənəvi idmanlarda tanınmışlar kimi. Məsələn Rochester Institute of Technology e-idman sahəsində uğur göstərən tələbələrə illik 2000 ABŞ dolları təqaüd ayırır. University of Warwick isə beş dəfə ardıcıl olaraq "UK Esports University of the Year" mükafatını qazanıb”.

 

 

Bəhruz Əliyevin sözlərinə görə, mənfi münasibət isə bu təsirlərə səbəb ola bilər:

 

 

“E-idmanı "boş əyləncə" kimi görən valideynlər və müəllimlər uşaqların maraqlarını basqı ilə boğa bilər.

Dəstək görməyən gənclər öz istedadlarını inkişaf etdirmək yerinə, qapanmağa, uzaqlaşmağa meyilli ola bilərlər.

Nəticə olaraq, valideyn və müəllim dəstəyi olmadıqda e-idman potensial inkişaf sahəsi olmadan, yalnız vaxt itkisinə çevrilə bilər. Əksinə, düzgün yönləndirmə və balansla bu sahə həm təhsilə, həm də karyeraya töhfə verə bilər. Yəqin ki, bizdən əvvəl bu sahəni özünə inteqrasiya edən yuxarıda da adlarını qeyd etdiyim və ya etmədiyim bəzi universitetlərdən real nəticələri öyrənərək, tədqiqatını apararaq, daha düzgün nəticələrə gəlmək olar”.

 

 

Ekspertin sözlərinə görə, e-idmanın faydalı və zərərli cəhətləri istifadə forması və yanaşmadan asılıdır:

 

“Faydaları: Şəxsi inkişaf üçün fürsət, reaksiya sürəti, diqqət toplama, problem həll etmə qabiliyyəti artır.

Komanda işi, liderlik, onlayn və real mühitdə ünsiyyət bacarıqları inkişaf edir.

Kompüter, internet təhlükəsizliyi, proqram təminatı ilə işləmək təcrübəsi əldə olunur.

Streamer, oyun tərtibatçısı, e-idman meneceri, analitik, kommentator və s. peşələrdə iş imkanı.

 

 

Zərərləri: Əgər nəzarətsiz qalarsa, kontrolsüz oyun saatları təhsil və sosial həyat balansını poza bilər.

Rəqabət təzyiqi, stress və onlayn zorakılıq halları görülə bilər.

Uzun müddət ekran qarşısında qalmaq sağlamlığa mənfi təsir göstərə bilər.

E-idman qaydalı və məqsədli şəkildə tətbiq olunarsa, zərərli vərdiş deyil, şəxsi inkişaf üçün müasir bir platforma ola bilər. Real təcrübələri öyrənərək, məsələni tədqiq edərək, daha düzgün qənaətə gəlmək mümkündür. Bir şeyi unutmamalıyıq! Bütün qabiliyyətləri müsbətə istiqamətləndirmək mümkündür. Bunda isə, valideynlərin və müəllimlərin əməyi əvəzedilməz ola bilər”.

 

 

 

Xəlilli Nigar