Azərbaycan gənci: zəfərin varisi, gələcəyin sahibi

Tarix: 16:11 27.05.2025
Bir ölkənin gələcəyini qurmaq üçün ilk daşı gənclər qaldırır. Onlar öz arzuları ilə gələcəyin binasını inşa edirlər. Bu arzu isə yalnız özləri üçün yox, həm də millətin gələcəyi naminə tutulur. Azərbaycan gənci üçün torpaq sadəcə yaşanılacaq yer deyil, qorunacaq dəyərdir.
Müstəqilliyimizin əlimizdən alındığı vaxtlarda Azərbaycan gəncinə də söz haqqı verilmirdi. Müstəqilliyini qazanan Azərbaycan istiqlal günəşinin şəfəqləri ilə işıqlandı. Bu günəşin daimi olması isə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdışı idi. Bu qayıdış təkcə sabitlik deyil, həm də gənclərin ruhuna inam da bəxş etdi. Azərbaycan dövlətinin əsas siyasətlərindən biri məhz gənclərə dövlət qayğısının artırılmasıdır. Gələcək gənclərlə yazılır və bu gənclər də vətənpərvər ruhda böyüməlidir. Ulu öndər Heydər Əliyev gənclərin birliyinin təşkili üçün 1994-cü il 26 iyulda Gənclər və İdman Nazirliyini yaratdı. Nazirliyin yaranması gənclərin mütəşəkkil formada irəliləməsi üçün əsas qüvvə oldu. Gənclər siyasətinin davamı olaraq ilk dəfə 1996-cı ildə Azərbaycan Respublikası Gənclərinin Forumu keçirildi. Məhz 1997-ildə Ulu öndərin imzaladığı fərmanla 2 fevral “Gənclər günü” elan edildi. Bu tarix Azərbaycan gəncinin səsinə qüvvət, gələcəyinə inam bəxş etdi. Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün artıq öz axarında uğurla gedir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti ilə daha da zənginləşir. Azərbaycan gənci ilk addımlarını atandan bəri vətən sevgisi ilə böyüyür, onun düşüncəsində torpağa sədaqət, millətə məhəbbət, bağlılıq yatır. Bizə uşaq yaşlarından vətən ana kimi tanıdılıb, çünki onun qoynunda böyüyən hər bir azərbaycanlı gənc ana nəvazişi ilə vətənə bağlılığı öyrənib. Lakin ana vətənin suyunu içib, havasını udan sapı özümüzdən olan baltalar da az deyil.
Hazırda Azərbaycan gənci bütün sahələrdə özünü doğruldur. İstər beynəlxalq tədbirlər, istərsə regional layihələr və digər bu kimi ictimai fəaliyyətlərdə Azərbaycan gənci peşəkarlıq nümayiş etdirir. Gənclər siyasətinin əsasını azərbaycançılıq ideyası təşkil edir. Hazırda gənclərin sosial fəallığını artırmaq üçün müxtəlif layihələrin, debatların, diskussiyaların keçirildiyi düşərgələr baş tutur. Son dövrdə daha çox səs gətirən könüllü hərəkatı da buna aiddir. Bu hərəkat gənclərin cəmiyyətə xidmət yolunda ilk addımlarıdır. Könüllülük vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin təcəssümüdür. Ölkəmiqyaslı tədbirlərdə könüllülərin çoxluq təşkil etməsi dövlətin gənclərə verdiyi dəyərin bariz nümunəsidir. Ölkəmizin gənclərə olan diqqət və qayğısının nəticəsidir ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci il “Gənclər ili” və 2020-ci il “Könüllülər ili” elan edilmişdir. Azərbaycan gənci “Avropa oyunları”, “Formula 1”, “İslam Həmrəyliyi oyunları” və digər bu kimi nüfuzlu tədbirlərdə fəal iştirakı ilə seçilmişdir. Ötən il ölkəmizdə keçirilən və beynəlxalq arenada yüksək əks-səda doğuran COP29 tədbirində Azərbaycan gənci fəal iştirakı, peşəkarlığı ilə bir daha diqqət mərkəzinə düşdü. Nədənsə bəzi insanlar məhz bu tədbirdə gənclərin könüllü fəaliyyətini görəndə daha çox narahat oldular, onların fəaliyyətini “qul əməyi” adlandırdılar. Çünki bir insanın vətəni üçün qarşılıq gözləmədən işləməsi, başqasına yardım etməsi bu zehində olan insanlar üçün anlaşılması müşkül məsələdir. Bəli, bəziləri üçün gənclərin əməyi xor görülə bilər, lakin ölkə başçısı hər zaman olduğu kimi COP29 zamanı da gənclərin əməyinə xüsusi dəyər verərək onlara öz təşəkkürünü bildirdi və “Siz bütün işlərdə mənə arxalana bilərsiniz, mən də sizə arxalanıram” cümləsini bir daha əyani sübut etdi.
Azərbaycan gənci bu gün tarix yazır. Elə bir tarix ki, otuz ilin həsrətini 44 günə sığdırdı. Gənclik sübut etdi ki, torpaq şərəf istəyir, cəsarət istəyir, inam istəyir. Bu üçü də məhz Azərbaycan gəncində birləşir. Müharibə vaxtı cəbhədə düşmənlə savaşan da, arxa cəbhədə informasiya müharibəsində mübarizə aparanda o idi. Azərbaycan gənci həm fiziki, həm də mənəvi gücünü dünyaya çatdırdı.
Azərbaycanın gələcəyi bu günün gənclərindədir. Onlar bunu anlamalı və parlaq Azərbaycanın gələcəyi üçün addım atmalıdırlar.
Nuranə Quliyeva