Ölən şəxsin əmlakı kimə qalmalıdır?

Tarix: 18:28 27.05.2025
Əmlakın vərəsələrə keçməsi mülki hüququn əsas sahələrindən biridir. Ölən şəxsin əmlakı qanunvericiliyə və ya vəsiyyətə əsasən bölüşdürülür.
Məsələ ilə bağlı hüquqşünas Ayxan Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, vəsiyyətnamə hazırlanarkən onun hüquqi qüvvəyə malik olması üçün qanunun tələblərinə tam riayət edilməlidir:
“Yazılı formada olmalı, vəsiyyətçinin öz əli ilə yazılması və ya notarial qaydada təsdiq olunması vacibdir. Vəsiyyətnamədə əmlakın dəqiq təsviri, payların aydın göstərilməsi və bütün vərəsələrin hüquqları nəzərə alınmalıdır. Həmçinin, vəsiyyətnamənin düzgün tarixləndirilməsi və imzalanması təmin edilməlidir. Beləliklə, hüquqi mübahisələrin qarşısını almaq üçün sənəd tam və aydın olmalı, hər hansı saxtakarlıq və ya təhrif ehtimalı aradan qaldırılmalıdır.
Ən çox rast gəlinən problemlərdən biri vərəsələrin hüquqlarının düzgün müəyyən edilməməsi və ya onların arasında mübahisələrin yaranmasıdır. Bundan başqa, vəsiyyətnamənin qanunvericiliyə uyğun olmaması, əmlakın bölüşdürülməsi zamanı razılığın əldə edilməməsi, ortaq mülkiyyətin bölüşdürülməsi ilə bağlı çətinliklər, həmçinin vərəsəlikdən imtina və ya imtina etməmə məsələlərində anlaşılmazlıqlar da geniş yayılıb.
Əmlak üzərində ortaq mülkiyyət olduqda, onun bölüşdürülməsi yalnız bütün ortaq sahiblərin razılığı ilə həyata keçirilə bilər. Razılıq əldə olunmadıqda, əmlakın birgə mülkiyyət hissələrinin məhkəmə yolu ilə bölünməsi mümkündür. Bölüşdürmə zamanı hər bir sahibin hüquqları, əmlakın növü və digər amillər nəzərə alınır. Əgər mülkiyyət həyat yoldaşları arasında formalaşıbsa, onların əmlakın bölüşdürülməsində ailə hüququ normaları da tətbiq oluna bilər".
Müsahibimizin sözlərinə görə, vərəsəlik hüququndan imtina etmək mümkündür:
"Vərəsə hüququndan imtina etmək istəyirsə, bu imtinanı rəsmi qaydada, məhkəmə və ya notarius vasitəsilə yazılı şəkildə bildirməlidir. İmtina ümumiyyətlə tam olmalı və hissə-hissə olmur. İmtina edən şəxs vərəsəlikdən tamamilə imtina etdikdən sonra onun payı digər vərəsələr arasında bölüşdürülür.
Yetkinlik yaşına çatmayan vərəsələrin hüquqlarını dövlət xüsusi qaydada qoruyur. Onların əmlak hüquqlarını valideynləri, qəyyumları və ya himayədarları müdafiə edir. Həmçinin, onların maraqlarını məhkəmə və digər hüquqi orqanlar da qoruyur. Bu şəxslərin hüquqlarını məhkəmə və notariat orqanlarında müdafiə etmək üçün xüsusi prosedurlar mövcuddur və onlar özləri müstəqil şəkildə qərar verə bilmədikləri üçün qanuni nümayəndələr vasitəsilə hüquqları təmin edilir".
Çimnaz Telmanqızı