Bakıda islamofobiya ilə bağlı konfransın ikinci günü başlayıb

Bölmə: Sosial › ,
Tarix: 22:23 27.05.2025

 

Tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş din xadimləri, ictimai-siyasi fiqurlar və ekspertlər iştirak ediblər. Konfransda islamofobiyanın səbəbləri, onunla mübarizə yolları və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan bu tədbirlə həm də dünyaya tolerantlıq, dinlərarası dialoq və multikultural dəyərlərə sadiqliyini nümayiş etdirib.

 

Məsələ ilə bağlı politoloq Samir Hümbətov "İnformator.az"a verdiyi açıqlamasında bildirib ki, bu konfransın keçirilməsi, yəni islamofobiya ilə bağlı tədbirin baş tutması təkcə Azərbaycan üçün deyil, ümumilikdə dünyanın bütün ölkələri üçün böyük əhəmiyyət kəsb edir:

 

“Çünki son iki onillikdə, xüsusilə müsəlman dövlətlərinə və İslam dininə qarşı sistemli şəkildə qaralama kampaniyası aparılır. Bu kampaniyanın əsas məqsədi İslamı gözdən salmaq və müsəlmanlara qarşı neqativ rəy formalaşdırmaqdır. Düşünürəm ki, islamofobiyanın yayılmasının əsas məqsədi müsəlmanların inkişafına mane olmaq, onların dininə qarşı süni baryerlər yaradaraq yeni siyasi və ideoloji prosesləri təşviq etməkdir. Lakin nəzərə almaq lazımdır ki, dünyada islamofobiya anlayışını qəbul etməyən, İslamın barış və ədalət dini olduğunu anlayan ölkələr də var. Müsəlman dövlətləri, İslamın dəyərləri ilə hərəkət edən ölkələr dünyaya daha çox sülh, əməkdaşlıq və qarşılıqlı hörmət gətirmək niyyətindədir. Təəssüflər olsun ki, bu gün İslamı terrorla əlaqələndirməyə, müsəlmanları geridəqalmış, cahil və mövhumatçı kimi təqdim etməyə çalışırlar. Daha acınacaqlısı isə odur ki, bəzi güc mərkəzləri və dövlətlər İslamın gücünü zəiflətmək və onu təhlükə kimi göstərmək niyyətindədirlər".

 

Ekspert həmçinin bildirib ki, islamofobiyanın yaranmasının arxasında həmin güc mərkəzlərinin keçmiş müstəmləkə siyasətinin davamı dayanır:

 

“Bu siyasət digər xalqlara, dinlərə və inanclara qarşı hegemonluq yaratmaq istəyi ilə bağlıdır. Bu baxımdan Azərbaycanda islamofobiyaya qarşı keçirilən bu konfrans əslində beynəlxalq ictimaiyyətə ünvanlanan açıq və aydın bir mesaj daşıyır. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan tolerant bir dövlətdir, multikultural dəyərlərə sadiqdir. Ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri – istər müsəlmanlar, istər xristianlar, istər yəhudilər, istərsə də digər dinlərin təmsilçiləri – Azərbaycanın dövlətçiliyinə və maraqlarına hörmətlə yanaşırlar. Eyni zamanda Azərbaycanda bütün dini icmaların hüquq və azadlıqları qorunur, onların hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu səbəbdən də demək mümkündür ki, Azərbaycan multikultural dəyərlərin qorunduğu və yaşadıldığı bir ölkə statusunu layiqincə daşıyır".

 

Gülhüseynova Güllər