Psixologiyada Ad Effekti (Name Effect)

Bölmə: Sosial › ,
Tarix: 23:09 27.05.2025

 

Psixologiyada "ad effekti", insan beyni tərəfindən tanıdığımız və təkrar-təkrar eşitdiyimiz adlara qarşı yaranan “müsbət qərəz” fenomenini izah edir. Buna mərufiyyət effekti (Mere Exposure Effect) də deyilir. Yəni, bir ad nə qədər çox eşidilərsə və ya görülərsə, o qədər tanış və müsbət hisslər oyandırır. Beynimiz tanış adları “təhlükəsiz” kimi qəbul edir və onları daha cazibədar hesab edir.

 

Mövzu ilə bağlı psixoloq Səbinə Bayramova "İnformator.az"a açıqlamasında bildirib ki,ad effekti (name effect) psixologiyada mərufiyyət effekti ilə sıx əlaqəlidir və koqnitiv neyropsixologiya, sosial psixologiya və marketinq sahəsində geniş araşdırılmış bir fenomendir:

 

"Ad effekti, beynin tanışlıq və emosional emal mexanizmlərinə əsaslanır. Beynimizin limbik sistemi, xüsusilə amikdala və hippokamp, tanış olan stimulları daha müsbət dəyərləndirir. İnsan beyni tanış olan adları təhlükəsiz və etibarlı kimi qəbul edir. Bu, kortikal və subkortikal strukturların məlumat emal sürətini artırır. Tanış adlar dopamin və oksitosin kimi neyrotransmitterlərin ifrazını artırır, bu da müsbət emosional reaksiya yaradır.Mədəniyyətlərdə tez-tez eşidilən adlar fərdlərin sosial qəbuluna təsir edir və onların məşhurluq dərəcəsini yüksəldir.

Araşdırmalar göstərir ki, insanlar öz adlarına fonetik və semantik cəhətdən yaxın olan adları daha müsbət qiymətləndirirlər. Məsələn,bir iş görüşməsində və ya sosial tədbirdə tanış adları olan insanlarla daha rahat ünsiyyət qururuq.Sosial psixologiyada insanlar öz adlarına və ya tanış adlara sahib şəxslərə qarşı daha isti münasibət göstərirlər. Siyasətdə seçicilər tanış adları olan namizədləri daha etibarlı hesab edə bilərlər.Təhsildə müəllimlər tanış adları daha tez yadda saxlayır. Texnologiyada isə mobil tətbiqlər və süni intellekt sistemləri tanış və qısa adlar seçərək istifadəçilərlə daha effektiv əlaqə qururlar".

 

Ekspert bu effektin biznesdə necə istifadə edilməsindən də söz açıb:

 

"Ad effekti beynimizin tanışlığa üstünlük verməsi ilə izah olunur və insan münasibətlərindən biznes strategiyalarına qədər geniş bir sahədə tətbiq edilir.Bu effekt gündəlik münasibətlərimizə, qərarvermə proseslərimizə və sosial əlaqələrimizə təsir edə bilər. Valideynlər uşaqlarına ad seçərkən, tanış və müsbət çağrışlar yaradan adlara üstünlük verirlər. Bu, uşağın sosial qəbuluna və gələcəkdə quracağı münasibətlərə təsir edə bilər.Ad effekti beynin tanışlıq və emosiya emal mexanizmlərindən qaynaqlanan dərin koqnitiv fenomenlərdən biridir. Bu effekti anlamaq həm psixoloji tədqiqatlar, həm də marketinq və sosial mühəndislik sahələrində effektiv strategiyaların qurulmasına imkan verir".

 

Məmmədova Nəzrin