Şərqin ilk demokratik cümhuriyyəti

Tarix: 07:59 28.05.2025
Dövlət himnində söyləndiyi kimi, onun üçün can verməyə hazır olanların ölkəsi – Azərbaycan.
Tarixdə elə günlər olur ki, bir millətin qüruru və iradəsi həmin gün doğulur.
28 May bizim üçün sadəcə bir tarix deyil, Vətənimizin ilk nəfəsidir. Lakin müstəqillik nə qədər şirin olsa da, asanlıqla əldə edilmir. Hətta sevdiyim bir türk şairinin sözlərini xatırladım:
“Böyük dövlət qurmaq üçün böyük qan gərəkdir”, – Hüseyn Nihal Atsız.
XX əsrin əvvəllərində Rusiya imperiyası müxtəlif xalqları əsarətdə saxlayırdı. Azərbaycan xalqının mədəniyyəti, dili və hüquqları boğulurdu. Gənc Məhəmməd Əmin artıq boş dayana bilməzdi. O, bu dövrdə gənc ziyalılarla birlikdə xalqın maariflənməsi üçün çalışırdı.
Hələ yeniyetmə ikən yazdığı məqalələrdə millətin birliyindən, azadlıq və hüquqlardan bəhs etməyə başladı. Lakin onun azadlıq arzuları böyük imperiyaların diqqətindən yayınmadı. Təqiblərlə, həbslərlə onu susdurmağa çalışsalar da, o dayanmırdı. Xalqını müstəqil görmək istəyən Məhəmməd Əmin bu yolda əlindən gələni edirdi. İlk gizli partiyanı yaradır, “Hümmət” qəzetini nəşr etdirir, İranda və Azərbaycanda daim azadlıqla bağlı məqalələr yazır və bundan daha artıq fəaliyyətlər göstərirdi. Günümüzdə bəzi “savadlılar” onu sadəcə yazıçı kimi tanıyır. Əslində haqlıdırlar, o, yazıçıdır. Azərbaycan tarixinin şərəfli səhifələrini yazan yazıçı!
Şərqin azadlıq günəşi:
Bir ölkənin doğuluşu bir körpənin doğuluşu kimidir – sancılı, ancaq çox gözəl; çətin, ancaq qürur dolu.
Şərqin ilk demokratik cümhuriyyəti çətin və əzablı yollarla quruldu. Bu yolda ağır itkilər və böyük çətinliklər yaşandı. Axan qanları sükunət və qürurla hiss edirik – qəlbimizdə və mənliyimizdə.
1918-ci ilin Mart hadisələrindən sonra artıq neft qoxusuna qan qoxusu qarışdı. Həmin dövrdə varlıqla yoxluq arasında cəmi iki yol qalırdı: ya mübarizə aparılacaqdı, ya da Azərbaycan tamamilə xəritədən silinəcəkdi. Ancaq xalqı bu girdabdan xilas edəcək qəhrəmanlar var idi. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev və daha neçə-neçə qəhrəman Tiflisdə Seymi qurdu. Seym fəaliyyətə başlasa da, uzun müddət mövcud ola bilmədi. Bu isə müstəqilliyə bir addım daha yaxınlaşdığımızın göstəricisi idi. Seym Milli Şura ilə əvəz edildi.
Və nəhayət:
1918-ci il, 28 May. Bu tarix yalnız Azərbaycanın deyil, bütün müsəlman Şərqinin tarixində dönüş nöqtəsidir. Həmin gün Tiflisdə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycanın istiqlaliyyəti elan olundu. Lakin bu dövlət qonşu ölkələrdən fərqli olaraq monarxiya deyil, cümhuriyyət prinsipi ilə quruldu.
Qısa müddətdə böyük işlər görüldü. Amma onların əsas və müqəddəs vəzifəsi Bakını erməni daşnaklarından azad etmək idi. Məhəmməd Əmin bəyin diplomatik danışıqları nəticəsində Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu köməyə gəldi. Nəhayət, 1918-ci il 15 sentyabrda Bakı azad edildi və 17 sentyabrda paytaxt Bakıya köçürüldü.
Bu 23 ay ərzində cümhuriyyət qurucuları mühüm işləri həyata keçirdilər - İlk milli ordu yaradıldı; Dövlət dili türk dili elan edildi; Üçrəngli bayraq təsis olundu; Bakı Dövlət Universiteti açıldı; Mətbuata azadlıq verildi; Qadınlara seçki hüququ tanındı; Xarici ölkələrdə tanınma prosesi başladı; Avropanın aparıcı universitetlərinə tələbələr göndərildi.
Ümumiyyətlə, M.Ə.Rəsulzadə elmə və maarifə daim üstünlük verirdi. Onun sözləri ilə desək:
“Elmsiz, biliksiz bir xalqı hər cür tora salmaq mümkündür. Xalq nə qədər biliksiz olarsa, ona təzyiq göstərmək bir o qədər asan olur. Xalq cəhalət zülmətinə nə qədər aludədirsə, bir o qədər də qəflət yuxusunda yatıb, mədəniyyət işığını və tərəqqini görməz".
Təəssüf ki, yeni qurulan dövlətin 2 yaşına belə imkan verilmədi. Onsuz da o dövrdə çürük, amma nəhəng bir imperiyanın qarşısında kim duruş gətirə bilərdi? İnsan insandan güc alır, dövlət də dövlətdən. Bizim isə o dövrdə güvənəcəyimiz, arxalanacağımız bir müttəfiqimiz yox idi.
Aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Qurucularımızın çoxu xaincəsinə qətlə yetirildi. Sağ qalanlar isə ölkəni tərk etməyə məcbur oldular. Məhəmməd Əmin Rəsulzadə də bu məcburiyyəti yaşasa da, öz millətini və azadlıq ideyasını heç vaxt unutmadı. Finlandiya, Türkiyə, Polşa, Almaniya və Fransa kimi ölkələrdə mühacirətdə yaşadı və Azərbaycanın müstəqilliyini beynəlxalq tribunalarda gündəmə gətirmək üçün mübarizə apardı. Hətta Almaniyada minlərlə əsiri xilas etdirdi.
Rəsulzadənin, Stalinin “Bu 23 aylıq hakimiyyətiniz dövründə xalqa nə verə bildiniz?” sualına verdiyi cavab isə tarixə yazıldı:
“Çox şey verə bilmədik... Ancaq milli azadlığın nə olduğunu başa saldıq. Az olsa da, milli istiqlalı dadızdırdıq".
Qəlbləri istiqlal eşqi ilə yanan ilk qurucular böyük zəfər gününü görə bilmədilər. Ancaq o gün – böyük zəfər – nəhayət gəldi. 23 aylıq müstəqilliyi heç vaxt unutmayan Azərbaycan xalqı illər sonra öz himninə, üçrəngli bayrağına yenidən qovuşdu.
Qürurla dalğalanan üçrəngli bayrağımız, salam olsun sizə! Sizlərin bizə əmanət etdiyi Vətəni, mətin addımlarla sonsuzluğa doğru daşıyırıq. Elə Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi:
“Bir kərə yüksələn bayraq bir daha enməz!”
Fatimə Şahverdiyeva