Gələcək 5 ildə temperaturun rekord səviyyədə qalacağı proqnozlaşdırılır

Bölmə: Sosial › ,
Tarix: 13:08 28.05.2025

Dünya Meteorologiya Təşkilatı (WMO), qlobal iqlim proqnozlarına əsasən, qarşıdakı 5 il ərzində temperaturun rekord səviyyələrdə və ya bu səviyyələrə yaxın dərəcələrdə qalmasının gözlənildiyini açıqlayıb.


WMO və Böyük Britaniyanın Meteorologiya İdarəsi (Met Office), növbəti 5 ilə dair temperatur proqnozlarını əks etdirən birgə hesabat yayımlayıblar.


Hesabatda deyilir:
“Qlobal iqlim proqnozları göstərir ki, qarşıdakı 5 il ərzində temperaturun rekord səviyyələrdə və ya bu səviyyələrə yaxın qalması gözlənilir. Bu isə iqlim risklərini və bu risklərin cəmiyyətlər, iqtisadiyyatlar və dayanıqlı inkişaf üzərindəki təsirini artırır. 2025–2029-cu illər arasında hər ilin orta illik qlobal səthə yaxın temperaturunun, 1850–1900-cü illərdəki (sənaye öncəsi dövr) orta göstəricidən 1,2 ilə 1,9 dərəcə daha yüksək olacağı proqnozlaşdırılır”.


Gələcək 5 ildə ən azı bir ilin sənaye öncəsi səviyyədən 1,5 dərəcə daha isti olma ehtimalının 86 faiz olduğu vurğulanan hesabatda, 2025–2029-cu illər arasında 5 illik orta temperatur artımının 1,5 dərəcəni keçmə ehtimalı 70 faiz olaraq göstərilib.


Hesabatda həmçinin bildirilib:
“İstiləşmənin hər əlavə dərəcəsi daha zərərli istilik dalğalarına, şiddətli yağıntı hadisələrinə, güclü quraqlıqlara, buz təbəqələrinin, dəniz buzlarının və buzlaqların əriməsinə, okean istiləşməsinə və dəniz səviyyələrinin qalxmasına səbəb olur”.


Paris Razılaşmasının qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfi xatırladılan hesabatda qeyd olunub ki, temperatur artımının bu səviyyələrdə davam etməsi halında, bu hədəfin müvəqqəti şəkildə aşılması və bu halın getdikcə daha tez-tez baş verməsi ehtimal olunur.


“Ən isti 10 ili yeni yaşadıq”.


Hesabatda fikirlərinə yer verilən WMO-nun baş katib müavini Ko Barrett belə deyib:
“Ən isti 10 ili yeni yaşadıq. Təəssüf ki, bu WMO hesabatı qarşıdakı illərdə hər hansı bir rahatlama əlaməti göstərmir. Bu isə iqtisadiyyatlarımıza, gündəlik həyatımıza, ekosistemlərimizə və planetimizə getdikcə artan mənfi təsir deməkdir”.


Barrett, davamlı iqlim müşahidəsi və proqnozların, qərar vericilərə elmi əsaslı alətlər təqdim etməsi və istilərə uyğunlaşma baxımından məlumat təmin etməsinin son dərəcə vacib olduğunu bildirib.


Mənbə: TRT HABER
Solmaz Muradova