NK-dan filmlərin istehsalı üçün çəkilən xərclərlə bağlı qərar

Bölmə: Sosial › ,
Tarix: 17:35 07.07.2025

“Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib.


"İnformator.az" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

 

Bu Qaydalar filmlərin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş birbaşa məqbul xərclərin dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsə (bundan sonra – Agentlik) ayrılan vəsait hesabına qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi və qismən geri ödənilmə ilə bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Bu Qaydalara əsasən həyata keçirilən qismən geri ödənilmələr üçün zəruri vəsait hər ilin dövlət büdcəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında Agentliyə ayrılır.

 

Bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xarici və ya birgə istehsal olunan aşağıdakı audiovizual əsərlərə şamil edilir:

 

- film;

 

- reklam;

 

- televiziya şouları (xarici ölkələrdə yayımlanacağı halda);

 

- internet video oyunları.


Qismən geri ödənilmə film istehsalı zamanı filmin istehsalçısının birbaşa məqbul xərclərini əhatə edir. Bu Qaydaların məqsədləri üçün film istehsalı dedikdə, filmin çəkilişi (prodakşn) və filmin çəkilişinin tamamlanması (post-prodakşn) mərhələləri başa düşülür. Məqbul və qeyri-məqbul xərclərin siyahısı və xərc elementləri daxilində məhdudiyyətlər bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən olunur.