Lisey və gimnaziyalara qəbulda yenilik

Tarix: 18:41 28.05.2025
Təhsil sistemində aparılan islahatlar çərçivəsində lisey və gimnaziyalara şagird qəbulunda yeni yanaşma tətbiq olunmağa başlayıb.
Mövzu ilə bağlı Elçin Murad "İnformator.az"a açıqlamasında bildirib ki, lisey və gimnaziyalara qəbulun yalnız VI siniflərlə məhdudlaşdırılması əslində düzgün addımdır:
“Hazırda aşağı sinif şagirdləri liseyə qəbul olmaq üçün həddindən artıq yüklənirlər. Bu isə onların dərsə olan marağını azaldır. Məktəblərdə tədris onsuz da ağırdır, əlavə lisey hazırlığı isə şagirdləri həm fiziki, həm də psixoloji cəhətdən yora bilir. Altıncı sinif məktəb həyatının orta mərhələsidir və bu dövrdə şagirdlərin lisey və ya gimnaziyaya yönləndirilməsi onların inkişafı üçün daha məqsədəuyğun sayılır. Qəbulun VI siniflərlə məhdudlaşdırılması bu il üçün nəzərdə tutulsa da, gələcəkdə bu qaydanın VII və VIII siniflərə də tətbiq olunması mümkündür. Bununla yanaşı, qərarın ictimaiyyətə gec açıqlanması ciddi narahatlıq doğurur. Qərarın özü düzgün olsa da, açıqlanma vaxtı çox yanlışdır. Həm Dövlət İmtahan Mərkəzi, həm də Elm və Təhsil Nazirliyi qərar vermək üçün uyğun zaman seçməlidir. Valideynlərin və şagirdlərin planlarının pozulması onların çəkdiyi əziyyətin nəzərə alınmaması deməkdir. Bu kimi dəyişikliklər ən azı bir il öncədən elan edilməlidir ki, hazırlıqlar planlı şəkildə aparılsın".
Ekspert qeyd edir ki, imtahanların yalnız VI siniflər üzrə keçirilməsi uşaqların psixoloji sağlamlığı baxımından daha doğru yanaşmadır, lakin qərarın tətbiq vaxtı düzgün seçilmədiyi üçün bu, şagirdlər arasında ruh düşkünlüyü yarada bilər.
Selcan Əhmədli