HƏMAS başsız qaldı: Təşkilat daxilində güc boşluğu

Tarix: 17:28 29.05.2025
İsrail hərbçiləri Qəzza zolağında HƏMAS lideri Məhəmməd Sinvarı öldürüblər. Bunu İsrail Baş naziri Benyamin Netanyahu Knessetdə çıxışında deyib.
“Biz HƏMAS-ın idarəçilik qabiliyyətinin aradan qaldırılmasında dönüş nöqtəsinə çatmışıq. Biz Məhəmməd Sinvarı aradan götürdük”, –Netanyahu bildirib.
Qeyd edək ki, bir müddət öncə HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvarın cəsədinin Qəzzanın cənubundakı tunellərdən birində tapıldığı barədə məlumat yayılıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, İsrail son günlərdə regionda fəaliyyət göstərən silahlı təşkilatların rəhbərlərinə qarşı hədəfli əməliyyatlara başlayıb:
"Bu strategiya ilk növbədə HƏMAS və Hizbullah kimi qruplaşmaların liderlərinə yönəlib. Artıq HƏMAS-ın siyasi rəhbərlərindən İsmayıl Haniyə, hərbi qanadın rəhbəri Yəhya Sinvar və Hizbullahın baş katibi Həsən Nəsrullah bu siyasətin əsas hədəflərinə çevriliblər. Eyni zamanda, hər iki təşkilatın komandir heyəti də ciddi zərbələrə məruz qalıb.
Məhəmməd Sinvarın öldürülməsi bu istiqamətdə atılan növbəti addım kimi qiymətləndirilir və göstərir ki, İsrail bu siyasətindən geri çəkilmək niyyətində deyil. Təl-Əvivin məqsədi bu yolla özünə rəqib hesab etdiyi silahlı qrupların rəhbərliyini zəiflətmək və onları idarəetmədə xaosa sürükləməkdir. Tarixi təhlil də göstərir ki, İsrail bu cür metodlardan əvvəllər də dəfələrlə istifadə edib".
Politoloq əlavə edib ki, Məhəmməd Sinvar bu günə qədər Qəzzadakı HƏMAS lideri Yəhya Sinvarın ən yaxın adamı kimi fəaliyyət göstərib:
"Yəhya Sinvarın zərərsizləşdirilməsindən sonra o, təşkilat daxilində əsas fiqura çevrilib. Hazırda HƏMAS-ın ən nüfuzlu siması isə xaricdə yaşayan Xalid Meşaldır. Lakin Meşal uzun müddətdir ki, təşkilatın daxili idarəçiliyindən uzaqdır. Onun beynəlxalq nüfuzu və diplomatik səviyyədə fəallığı yüksək olsa da, təşkilatın rəhbərliyini üzərinə götürməsi real görünmür.
Bu vəziyyət fonunda HƏMAS-ı yaxın dövrdə durğunluq mərhələsi gözləyir. Təşkilatın yeni lider seçimi və struktur dəyişikliyi qaçılmazdır. Bu keçid mərhələsində HƏMAS-ın fəaliyyətində müəyyən ləngimələr və koordinasiya çatışmazlıqları müşahidə oluna bilər".
Aytən Ağazadə