Kameralar qarşısında həyat: Gənclərin məxfilik anlayışı dəyişir

Tarix: 20:16 30.05.2025
Gənclər bu gün real həyatdan çox virtual məkanlarda mövcuddurlar. Sosial media onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Artıq şəxsi həyat anlayışı instaqram hekayələrində, TikTok videolarında, vloglarda sərgilənən bir görüntü kimi qəbul olunur. Hər an lentə alınır, hər hiss paylaşılır, hər fikir izlənir. Məxfiliyin sərhədləri silinir, ya da könüllü olaraq yoxa çıxır.
Bu yeni reallıqda gənclər görünmək ehtiyacı ilə özlərini ifadə etməyə çalışır, lakin bəzən özlərini itirmək riski ilə də üz-üzə qalırlar. Onların “özəl sahəsi” artıq yalnız fiziki məkanda deyil, həm də rəqəmsal davranışlarında öz əksini tapır. Göstərilənlə gizlədilən arasındakı incə balans isə müasir gəncliyin daxili dilemmasına çevrilib.
Bu mövzu ilə bağlı Psixoloq Vüsalə Əmiraslanova "İnformator.az"a bildirib ki, son dövrlərdə insanlar üçün sosial şəbəkədə aktiv olmaq əsas prioritetə çevrilib:
“Demək olar ki, gündəlik həyatlarında nə baş verirsə, hər şeyi sosial mediaya daşımağa çalışırlar. Bu isə bir növ həyatlarındakı hər şeyi göstərərək ətrafdan rəy almaq, yaxud da “mənim həyatım daha yaxşıdır, daha maraqlıdır, daha rəngarəngdir” mesajını vermək istəyidir. Təbii ki, bu, iş həyatında olan insanlara aid deyil, çünki bəzən bu insanlar bunu məcburiyyətdən edirlər – yəni bu, onların işlərinə müsbət təsir göstərdiyi üçün”.
Psixoloq bildirib ki, yeniyetmələrin və ümumiyyətlə müəyyən karyerası olmayan şəxslərin gündəlik olaraq şəxsi həyatlarına dair hər şeyi paylaşmaları, çox zaman natamamlıq kompleksindən qaynaqlanır:
“Natamamlıq hissi yaşayan insan, təbii olaraq, özünü tamamlamağa çalışır. Real həyatda edə bilmədiklərini isə sosial mediada həyata keçirməyə çalışır və orada aldığı rəylər, gördüyü münasibətlər vasitəsilə mənəvi olaraq özünü doyurmağa çalışır.
Daim öz görüntüsünü paylaşmaq, videolar yerləşdirmək, özünə dair tərifəlayiq şeylər, məlumatlar yaymaq – bütün bunlar, bəzi hallarda şəxsiyyət pozuntusunun göstəricisi də ola bilər. Bəzən bu, psixi problemə də işarə edə bilər. Əlbəttə, bunun diaqnozunu yalnız psixiatr şəxsin özünü dəyərləndirərək qoya bilər. Biz psixoloqlar isə sadəcə olaraq natamamlıq kompleksi olduğunu qeyd edə bilərik.
Təəssüf ki, bu problem illərdir davam edir və günbəgün daha da artır. Bir-birindən fərqlənmək, daha yaxşısını göstərmək istəyən gənclərin sayı çoxalır. Bu isə doyumsuzluq, həyatın dadını çıxara bilməmə, depressiya və digər əlamətləri ortaya çıxarır”.
Xəlilli Nigar