FHN meşələrdə yanğın təhlükəsinə görə əhaliyə müraciət edib

Tarix: 21:58 30.05.2025
FHN bildirib ki, qarşıdan yay fəslinin gəlməsi ilə əlaqədar havanın temperaturunun tədricən yüksəlməsi fonunda istirahət üçün meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Bu isə müxtəlif səbəblərdən meşələrdə yanğınların baş vermə riskini xeyli artırır.
Fövqəladə Hallar Nazirliyinin ötən illərdə meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlarla bağlı apardığı araşdırmaların təhlili göstərir ki, meşə yanğınlarının əsas səbəbləri bəzi vətəndaşların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız yanaşması və məsuliyyətsiz davranışlarıdır. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətraf mühit və nəticədə cəmiyyət üçün ağır fəsadlara səbəb ola bilər.
Bu məsələ ilə bağlı Rövşən Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, yanğın təhlükəsi yüksək olan ərazilərdə ocaq qalamaq qətiyyən yol verilməzdir:
"Qarşıdan isti havalar gəlir və istirahətə gedən vətəndaşların sayı artır. Yay aylarında yağıntılar azalır. Bir neçə amil meşə yanğınlarının baş vermə riskini artırır. Əvvəla, qarşıdakı aylar ilin digər fəsillərinə nisbətən daha quraq keçəcək. Xüsusilə iyun, iyul, avqust və sentyabr aylarında havalar çox isti olacaq və meşələrdə quru bitki örtüyü yaranacaq. Birillik otlar yayın ortalarına doğru saralır, quruyur və yanmağa meylli hala gəlir. Bu dövrdə insanlar istirahət məqsədilə meşəlik ərazilərə üz tuturlar, piknik edirlər və ocaq qalayırlar. Bu da meşə yanğınlarının baş vermə ehtimalını daha da artırır. Məhz bu səbəbdən hər il Azərbaycanda meşə yanğınlarının baş verdiyinin şahidi oluruq.
Sadalanan amillərlə yanaşı, insan faktoru da xüsusilə diqqət mərkəzində olmalıdır. Çünki biz bu amili nəzarətdə saxlaya bilərik. Əgər meşəlik ərazilərdə daha məsuliyyətli davransaq, yanğın riskini xeyli azalda bilərik. Yanğın təhlükəsi yüksək olan ərazilərdə ocaq qalamaq qətiyyən yol verilməzdir. Siqaret çəkmək və onu söndürmədən yerə atmaq ciddi təhlükə yaradır. Şüşə və plastik butulkalar da meşəlik ərazilərdə yerə atılmamalıdır. Hətta bəzən benzin butulkaları belə unudularaq yerə atılır, bu isə yanğın riskini daha da artırır. Şüşə butulkalar günəş şüalarını fokuslayaraq yanğına səbəb ola bilər.
Ötən ilin müşahidələri göstərdi ki, bəzi yanğınların səbəbini və kimin məsuliyyətsiz olduğunu müəyyən etmək mümkün olmur. Bu cür yanğınlar xüsusilə təhlükəlidir, çünki istənilən vaxt, istənilən yerdə baş verə bilər.
Vətəndaşlarımız bilməlidirlər ki, işğaldan azad olunmuş ərazilərdə əhali seyrək yaşayır. Belə yerlərdə baş verən yanğınlara müdaxilə gecikə bilər. Əgər kimdən asılı olmayaraq bir yerdə yanğın baş verərsə, onu dərhal söndürməyə çalışmaq və eyni zamanda Fövqəladə Hallar Nazirliyinə məlumat vermək vacibdir. Əgər vətəndaş hər hansı qəza və ya yanğın müşahidə edərsə, dərhal 112-yə zəng etməli və hadisənin dəqiq yerini bildirməlidir".
Xədicə Məhərrəmli